Futzal üzrə Slovakiya millisinin qapıçısı Marek Karpyak Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiricəkləri matç barədə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı qapıçı Bakıya yaxşı nəticə üçün gələcəklərini bildirib:
“Baş məşqçi heyətlə bağlı yekun qərarını verməyib. Düşünürəm ki, hər bir oyunçunun şansı var. Rəqib həqiqətən güclüdür. Bununla belə, vəzifənin öhdəsindən gələ biləcəyimizi fikirləşirəm. Komanda əla vəziyyətdədir. Sadəcə, 3 aparıcı futzalçımız bizə kömək edə bilməyəcək. Yaxşı nəticə qazanmaq üçün sonadək mübarizə aparacağıq”.
Karpyak müdafiədə diqqətli oynamalarının vacibliyini vurğulayıb: “Rəqibin matçlarının videoyazısını izləyib, oyun üslubunu analiz etmişik. Fikrimcə, onlarla oynamaq olar. Xüsusilə müdafiədə ehtiyatlı olmalıyıq. Bunu edə bilsək, qol vurub uğurlu nəticə ilə qayıda bilərik”.
Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 18:00-da start veriləcək.