Dünyanın çalxalandığı, pandemiyanın əngəllədiyi AÇ-2020 nəhayət ki, start götürdü. İlk turda futbol böyük faciədən qurtuldu, yoxsa çempionat matəmə bürünərdi.
Qitə futbolu ardıcıllıqla gələn acı sınaqlardan çıxmağı, ayaqda durmağı bacarır…
Avropa çempionatının ikidən artıq müxtəlif ölkələrdə keçirilməsi yəqin ki, birinci və sonuncu dəfə olacaq. Qapanma şəraitində, onsuz da çətinliklərin öncədən bəlli olduğu sistem millilərdən tutmuş azarkeşlərə qədər öz mənfi təsirini göstərir.
Pərakəndəlik, get-gəl… İştirakçı ölkələrin bir çoxu imtiyaz qazanır, digərləri öz fanatları ilə birgə yollarda qalır. Çətinliklərlə yanaşı idman prinsipləri də böyük ölçüdə pozulmuş olur.
Açılış matçında İtaliya çempionatın əsas favoritlərindən biri olduğunu əyani olaraq göstərdi. Türkiyəli futbolçular meydanda hərtərəfli “döyüldü”. AÇ-88-n yarımfinalında Lobanovskinin öz futbolçuları ilə italyanların başına açdığı oyunu, İtaliya millisi artıqlamasıyla rəqibinə yaşatdı…
Futbolçu, oyun keyfiyyəti öz yerində, hər iki milli üçün qarşılaşma aldadıcı ola bilər. Bunu növbəti turlar göstərəcək. Bu tipli turnirlərə hazırlıq spesifik olur, uzun marafonlardan çox fərqlənir. Təlim-məşq toplanışları, hazırlıq planı elə qurulmalıdır ki, yığmalar qrup oyunlarından sonra pik formaya yüksəlsinlər…
İlk oyunda parlaq göstəricilər hələ uğurun təminatçısı deyil. Əksinə, İtaliya pik formasına indi yetişibsə, sonda eniş yaşana bilər. İspaniya-82-də italyanlar heç-heçələrlə qrupdan çıxıb çempion oldular. Komanda formasını artan trayektoriya ilə yığmalıdır. Favoritlərin hazırlıq planı 6-7 oyuna uyğun olmalıdır.
İtalyanlar bu tempi qoruyaraq artıra bilsələr, artıq minimum finalçının biri bəllidir.
Türkiyə millisi istər fiziki, taktiki, psixoloji görüşə hazır deyildi. Taktika, heyət seçimi bir kənara, futbolçular meydanda ağır tərpənir, yüklənmələrdən sonra bərpa olunmamış görünürdülər. Komanda yaxın günlərdə fiziki, psixoloji özünə gəlməlidir. Gələcəklərsə, doğma Bakı stadionunda, möhtəşəm dəstəklə növbəti mərhələyə adlaya bilərlər. Əksi baş verəcəksə, deməli, hazırlıq planı düzgün qurulmayıb.
Rusiya millisi də türkiyəlilər kimi emosiyalarla idarə olunur. Ruslar hələ dünya çempionatı eyforiyasından ayılmayıblar. Heyətdə dəyişikliklər baş versə də, indi də rəqibləri evdə qəbul edirlər. Tək ruh yüksəkliyi ilə futbol oynanılmır.
Böyük futbol istedadlar oyunu olmaqla yanaşı eyni zamanda elmdir. Balaca Belçika böyük futbol elminin nə olduğunu nəhəng Rusiyaya öz evində göstərdi.
Görünən odur ki, belçikalılar hələ optimal formalarını yığmayıblar. Çətin Rusiya oyununu rahatlıqla keçən Belçika daha uzaqlara gedə bilər. Rusların isə doğma divarlardan istifadə edib göstərdiyi oyunla maksimumu qrupu adlamaq ola bilər.
Danimarka – Finlandiya qarşılaşması Avropa futbolunun imtahanına çevrildi. Eriksenin gedib-gəlməsi həm də dünya futbolunun qayıdışı oldu. Həyəcanlı anlardan sonra azarkeşlər futbolçunun özü kimi yenidən nəfəs ala bildilər. Danimarkalılar şokdan ayılmamışdılar. Bu oyunda onların ən böyük qələbəsi Eriksenin sağ qalması idi…
AÇ-2020 Azərbaycan üçün də yad deyil. Bakı Uels – İsveçrə matçı ilə qitəyə səs saldı.
Digər şəhərlərə baxanda tribunalar boş görünürdü. Biletlərin qiymətini UEFA müəyyənləşdirir, bəllidir. Sıravi azarkeş üçün olmayan pulundan keçib tribunaları doldurmaq asan deyil. Bəh-bəhlə təqdim edilən uelsli pivə həvəskarları da paytaxtımıza az gəlib…
Əsas məsələ bunlar deyil. Xalqımız, futbol azarkeşimiz Makedoniya, Finlandiya millilərini finallarda görüb Azərbaycan millisi niyə yoxdur sualı ilə alışıb yanır. Dövlət hesabına, böyük əziyyətlər bahasına Avropa çempionatına ev sahibliyi edən şəhərlər sırasında Bakı da var…
Dövlət başçısı futbola sevgisindən stadiona təşrif buyurur və boş tribunalarla qarşılaşır, futbol təbliğatı maşınının saxta olduğunu əyani olaraq görür. Reallıqda isə göstərilən qayğı sayəsində meydanda Azərbaycan millisi ilə yanaşı tribunaları doldura biləcək qalib xalq olmalıydı…
Futbol ideoloqlarının “niyədəyox” populizminin qarşısına “niyə yoxdur”?! tələbinin və hesabatının verilmə anı çoxdan yetişib. Şaxtalı-boranlı finlər, islandalar mötəbər yarışlarda finallara qatıla bilir, olmazın şəraitin yaradılmasına baxmayaraq Azərbaycan isə yox?!
Nə yaxşı ki, qardaş Türkiyə millisi Bakıda iki oyun keçirəcək. Dövlət başçıları da gələcək, qaydalara uyğun tribunalar da dolacaq, möhtəşəm atmosfer də yaşanacaq. Böyük əksəriyyətin istəyi odur ki, qələbələr olsun və AÇ-2020-dən sonra Azərbaycan futbolunda köklü islahatlara start verilsin. Növbəti finallarda futbolumuzun təmsil olunması naminə…
TAHİR SÜLEYMANOV