Elxan Məmmədov gəzəyənliyə başlayıb. Həm də o, bunu kefi istədiyi, işindən zövq aldığı üçün etmir, “həyat şərtləri” məcbur edir. Yaşamaq üçün gəzməlidi.

14 ildi Azərbaycan futbolunu barmağında fırladan icraçı vitse-prezident yeni idman naziriylə görüşdən sonra vəziyyətin ciddiliyinin fərqinə varıb, alınmaz qalaya çevrdiyi AFFA-ya ilk dəfə bir dövlət məmurunun təşrif buyurması narahatlığına səbəb olub. Fərid Qayıbovun federasiyaları bir-bir təftiş etməsindən sonra o da rayonları, bölgələri ziyarətə başlayıb. 14 ildi ayaq basmadığı şəhərlərə gedib, özünün karyerası qədər yaşı olmayan balacalara forma paylamaqla görüntü yaratmaq, baş aldatmaq istəyir.

Axı, dövlət başçısının çıxışında maraqlı məqam var idi – nəticələri yaşlı idmançıların qazandığını demiş, gənc idmançıların yetişməməsindən narahatlığını ifadə etmişdi. Fil qulağından ayılan Elxan Məmmədov göstərmək istəyir ki, guya ölkə futboluna diqqət göstərir, problemlərlə yerində maraqlanır, həlli üçün çalışır, bir sözlə, göstərilən istiqamət üzrə hərəkət edir. 14 il ərzində etməli olduğunu 5-6 günə sığışdıracaq qədər sürətlə çalışır.

Halbuki bu addımlar 14 il ərzində atılmalıydı, hər ay bir rayona gedilməliydi. Və yalnız şəkil çəkdirmək üçün yox, prosesin davamında nəticələri görməliydik, ayaq basdığı bölgələrdə düzgün sistem qurulmalıydı, inkişaf başlamalıydı. Prezident məhz bunun edilmədiyini bəyan edir. Məmmədovsa illəri boşa verib, yalnız indi futbolun coğrafiyasının Abşeron yarımadasından ibarət olmadığını anlayıb. Bəlkə də bununla həm də vaxt qazanmaq istəyir. Guya ki, işə başlamışıq, mənə daha 14 il verin ki, planlarımı nəticələndirim.

Əmin olun, bu səfərlər hansısa futbol marağına görə deyil. Futbolun bərbad durumu ciddi narazılığa səbəb olub, vəziyyət gündən-günə kritikləşir, Məmmədov hədəfə daha rahat gəlməyə başlayıb. Yeni nazirin fəaliyyətinə AFFA-ya səfərlə başlaması da ümumi narazılığın nəticəsidi. İctimaiyyət, azarkeşlər birmənalı olaraq əsas günahkar kimi Elxan bəyi nişan verdiyindən hiyləgər marketoloq iz azdırmağa başlayıb. Səfərlər, işgüzar görüntü, təbliğat kampaniyası…

Məmmədovun səfərlərə təkbaşına çıxması təsadüfi deyil. Məqsəd uşaq futboluna diqqətdisə, Uşaq Futbol Federasiyasının rəhbəri Rauf Əliyev, istiqamət regionlardısa, Region Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov bu qafilədə olmalıydı. Amma məqsəd yalançı təbliğat olduğundan Elxan bəy reklam dəqiqələrini başqaları ilə bölüşmür. Lənkərana bu şəhərdə çox sevilən veteranlarla getməsi isə qorxunun nəticəsidi. Cənublu azarkeşlər əsl futbolun nə, “Xəzər Lənkəran”ın süqutuna kimin səbəb  olduğunu yaxşı bilir. Ona görə də qəzəbli kütlənin qarşısına “cangüdən”lərlə – Samir Əliyev və Vüqar Nadirovla yollanır. Həm də bu cütlüyün alqışlandığı mərkəzi stadiondan yan qaçaraq…

Məmmədov özünü qoruyur, ləkələnmiş imicini diri tutmağa çalışır. Özü də yaxşı bilir ki, AFFA-dan getmək onun sonunu gətirəcək. Bu illər ərzində o qədər günaha batıb ki, yolunun dəmir barmaqlıqlar arxasından keçməməsi möcüzə olar. Başqa vəzifə arzuları, karyerada yüksəliş planları səriştəsizliyi, bacarıqsızlığı üzündən çoxdan puç olub. İndi özünü qorumağa, futbolda qalmağa, ən pis halda sakitcə yola salınmağa cəhd edir.

Havadarları da bunun fərqindədi. Məmmədovun əməllərinin ifşası onlara da sərfəli deyil. Çünki dövlət futbolda islahatlara start versə, çox baş papaqsız qalacaq, futbol üçün axan neft bulağından kimlərin tuluğunu doldurduğu aşkara çıxacaq. Şəxsi şirkətlər vasitəsilə layihə adı altında dağıdılan milyonların yığıldığı “anbarlar”, boyun əymədiyi üçün işindən uzaq saxlanan mütəxəssilər, haqsızlığa düçar olan minlərlə insan…

İndi Məmmədov üçün yeni qovluq hazırlanır. Narazılıqlar ən yüksək həddə çatdığından araşdırmalara başlamaq üçün düyməyə basılıb. Və Elxan bəyi “yuxarılar”ın qəzəbindən qorumaq, guya ki, bacarıqlı funksioner olduğunu göstərmək üçün yalançı “Gülüstan pərdəsi” yaradılır. Amma bunu edənlər fərqində deyillər ki, dövlət rəhbərliyi onların hiylələrini anlayacaq qədər təcrübə toplayıb.

Müxtəlif hökumət rəsmiləri, xüsusilə də dövlət başçısı sosial şəbəkəyə önəm verdiklərini dəfələrlə vurğulayıb, problemlərin həlli, həqiqətlərlə tanış olmaq üçün xalqdan yardım istəyib. Və xalq da bu çağırışa cavab verib. AFFA-nın rəsmi feysbuk səhifəsindəki istənilən paylaşıma diqqət yetirmək doğru nəticə çıxarmaq üçün kifayətdi. “Yuxarılar”a təqim etmək üçün yalançı yox, həqiqətlərin toplandığı “qovluq” hazırdı. İstənilən paylaşımda bircə müsbət məqam qeyd edilmirsə, hamı bir ağızdan tənqid edirsə, deməli, əsl həqiqət də həmin “qovluq”dadı.

Məmmədov gəzməyində olsun, adama gəzmək qalacaq. İndiyə kimi etməyib, gethagetdə gülstana çevirməli olduğu bölgələri necə xaraba qoyduğunu seyr etsin. Dövlətə xidmət etməli olan “bəzi qurumlar” müxtəlif vasitələrlə bu gün şəxslərə qulluq etsə də, onu qorumağa çalışsa da, haqq nazilir, üzülmür. Və həmin həqiqət anı artıq yetişib. Məmmədovun tezliklə Bayılı, Kürdəxanını gəzdiyini də görəcəyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp