Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində ötən ay İrlandiya ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

Futbolinfo.az xəbər verir ki, İrlandiya mətbuatına müsahibə verən italyan mütəxəssis, Dublin səfərində yaxşı oyun sərgilədiklərini deyib:

“Dublindəki qarşılaşmanın ilk hissəsində yaxşı oyun sərgilədik. İkinci yarıda oyunu idarə etməkdə daha çox çətinlik çəkdik və bizim üçün inanılmaz olan 3 xalı evə apara bilmədik. Təəssüf ki, İrlandiyanın qoluna əngəl olmağı bacarmadıq. Həmin epizodda daha yaxşı ola bilərdik, bir neçə futbolçumuz sadə səhvlərə yol verdi. Amma 1:1 hesablı heç-heçə ədalətli nəticə idi. İrlandiya yığması qapıçıdan başlayaraq arxa xəttdən oynamağa çalışan komandadır. Həm taktiki, həm də fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Amma görünən odur ki, komanda hələlik tarazlığı tapa bilməyib”.

İtaliyalı baş məşqçi İrlandiya yığmasının zəif nəticələrini yeni kollektivin formalaşdırılması ilə əlaqələndirib: “Tələsik nəticə əldə etmək istəyi həmişə reallıqla uyğunlaşmır. Oyun tərzinizi dəyişdirmək və yeni kollektiv qurmaq istədiyiniz zaman bunu həyata keçirmək asan olmur. Eyni klubda oynayan futbolçuların azlığı və onlarla çox vaxtınızın olmamasını vurğulamaq lazımdır. Məqsədinizə sadiq qalmağa çalışarkən məhdud vaxtı optimallaşdırmalısınız”.

Canni De Byazi Azərbaycan yığmasındakı işindən də danışıb: “Ötən ilin iyulunda Bakıya köçmək imkanı yarandı. Azərbaycan millisini seçdim, çünki Albaniyada yaşadığım vəziyyətə bənzər işi yenidən qurmaq istəyirdim. Məqsəd zamanla davam edə biləcək heyət yaratmaqdır. Yeni qurulmuş, yüksək keyfiyyətli infrastruktura malik və inkişaf etmək istəyi olan milli assosiasiya tapdım. Buraya gəlməyimə və 110 faiz gücümü verməyə çalışmağım üçün mənə motivasiya verən cəhət budur”.

65 yaşlı mütəxəssis Bakı şəhəri haqqında xoş fikirlər səsləndirib: “Xəzərin sahilində yerləşən Bakıda həyat yaxşıdır. Tarixi qədim, möhtəşəm şəkildə qorunan və UNESCO-nun irs siyahısına salınmış şəhərdir. Çempionatdakı komandaların demək olar ki, hamısı paytaxtda oynayır. Çünki şəhərdən kənarda yalnız iki klub var. Premyer Liqadakı 8 klubun heyətlərindəki futbolçuların çoxu legionerlərdən ibarətdir. Yığma ilə bağlı seçim etmək üçün məhdud oyunçu toplusu var. Burada asan deyil. Azərbaycan futbolu hələ də qapalı dünyadır. Bir neçə oyunçu xaricdə çıxış etməyə yeni başlayıb. Bu baxımdan daha çox oyunçunun beynəlxalq səviyyədə təcrübə qazanma şansına sahib olacağına ümid edirik”.

Təcrübəli baş məşqçi 2022-ci il dünya çempionatının növbəti seçmə oyunlarında xallar qazanmaq istədiklərini diqqətə çatdırıb: “Rəqiblərimiz kağız üzərində daha güclüdür. Bu səbəbdən, asan olmayacaq. Amma futbolda buna çox fikir verməmək lazımdır. Daha çox qazanmaq istəyən, daha qətiyyətli və təşkilatlananlar, bəzən keyfiyyətsiz komanda olsa belə, mümkünsüz görünən matçlarda qələbə qazana bilər. Azərbaycan komandasının böyüyəcəyinə inanıram və yığmanın daha maraqlı gələcəyi ola bilər. Başlanğıcda hamı kimi böyük xəyallarımız və böyük planlarımız var. O zaman reallığa uyğunlaşmalısınız. Hazırda həm Portuqaliya, həm də Serbiyanın texniki dəyərinin bizdən üstün olduğunu nəzərə alsaq, çətin qrupda olduğumuzu deyə bilərik. İngiltərə çempionatında çıxış edən oyunçulara malik İrlandiya ilə bağlı da vəziyyət eynidir. Həmçinin 12 ildir eyni baş məşqçi ilə layihəsini davam etdirən Lüksemburq da var”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp