Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssi 0:3 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Əsas problem erkən qol buraxmağımız idi. Oyuna fərqli hazırlaşmışdıq. Amma lazımsız yerə topu qabağa çox vururduq. Statistikaya baxsaq, top daha çox bizdə olub. Təbii ki, oyuna çoxlu hücumameylli futbolçuların girməsi disbalans yaratdı. Fikrimcə, biz pis oynamadıq. Görünən odur ki, komandamız inkişaf edir. Bu, sevindirici haldır. Oyuna hazırlaşanda əsas məqsədimiz o idi ki, ikinci mərtəbədə onlara çətinlik yaradaq. Buna nail olduq. İlk hissədə biz onlardan daha yaxşı oynayırdıq. Hesaba baxmayıb oyuna baxsaydıq, elə bilərdik ki, biz qələbə qazanırıq.

Oyundan razı qaldım, 90 dəqiqə yaxşı oynadıq. Rəqibin qapıçısı güclüdür, ya nədirsə, səhərə kimi oynasaydıq belə, yenə də qol vura bilməyəcəkdik. Bütün günahlar mənim boynumdadır. Amma qələbə qazananda və heç-heçə edəndə, o komandanın nailiyyətidir. Bütün məsuliyyəti öz üzərimə götürürəm.

Bu məğlubiyyətlər mənim reputasiyama ziyandır. Düşünürəm ki, səbr etmək lazımdır. Zaman lazımdır. Biz addım-addım irəliləməliyik. Sevindirici hal odur ki, bir neçə oyunçumuz xaricdə çıxış edir. Mən uduzmağa nifrət edirəm. Amma çalışacağam ki, qarşıdakı oyunda yaxşı nəticə verək”.

Shares: