Elxan Məmmədovun daha bir nağıl kitabını bağladıq. Düzdü, hələ əlfəcin qoymağa səhifə var, noyabrda Lüksemburqla seşmə mərhələnin son oyununu keçirməliyik. Amma bu dəfə göydən düşəcək almaların üçünü də icraçı vitse-prezidentə yedirdəcəklər, çünki nəticə bəllidi – fəxri sonuncu pilləni rəsmiləşdirmişik.
Bu seçmə mərhələdə yeganə qazancımız Emin Mahmudov oldu. 5 qol vuraraq rekorda imza atan “Neftçi”nin yarımmüdafiəçisi yarım il əvvəl onu start heyətə qoymamaqda israr edən Canni de Byaziyə növbəti şapalağı vurdu. Təkcə bu fakt jurnalistlərin, ictimaiyyətin futbolu italiyalıdan daha yaxşı bildiyini göstərdi.
Serbiya ilə matçın nəticəsi öncədən bəlliydi. Qrup liderliyinə can atan rəqibin millimizə sensasiyaya imkan verəcəyi gözlənilmirdi. Və serblər istədiyi vaxt, istədiyi qədər qol vurub qələbəsini qazandı. Qapıçının səhlənkarlğı olmasaydı, yığmamızın təsəlli qolunu vurması da mümkünsüz idi. Çünki baş məşqçimizin taktiki gedişləri, oyunçu seçimləri qol vurmağa yox, az top buraxmağa hesablanmışdı.
Yenə futbolçuları, məşqçini qınamağı lazımsız hesab edirik. İllər gedir, tsikllər növbələnir, adlar dəyişir, nəticələrsə faciəvidi. Vəziyyətin düzəlməsi üçün yalnız AFFA-da ciddi islahatların gərəkdiyini düşünürük. Və bu islahatlar təkcə idarəçilərin dəyişməsiylə yekunlaşmamalıdı, futbola baxış, münasibət kökündən dəyişməlidi, iş mütəxəssislərə tapşırılmalıdı, AFFA-ya varlanmaq üçün can atanlara yox, bu idman növünün həqiqətən inkişafında maraqlı olanlara üstünlük verilməlidi.
Futbolda “marketoloq dönəmi” iflasa uğradı. Məmmədov və “mütəşəkkil dəstə”si rədd edilməli, yeni strategiya cızılmalıdı. Milli komandada yerli-əcnəbi məşqçi, milliləşdirmə, çempionatda limit oyunlarıyla baş qatmağın faydası yoxdu. Ölkə futbolunda kompleks islahatların zamanıdı. Kosmetik dəyişikliklərlə özümüzü aldatmış olacağıq. Əcnəbi məşqçilərin çalışdığı aşağı yaş qrupundan olan millilərimizin durumu, dünən U-21-in biabırçı məğlubiyyəti göstərdi ki, futbolumuzun sabahı da yoxdu. Deməli, 14 ildi nağıl danışan Məmmədovun kitabını qoltuğuna verib yola salmağın zamanıdı. Bütün futbol təsərrüfatını məhv edən bu şəxsin hara göndərilməsi önəmli deyil – əməlləri araşdırılsa, həbsxanaya getməsi qaçılmazdı, amma bu, bizim verəcəyimiz qərar deyil, əsas odu futbol onun əsarətindən qurtulsun.
Canni de Byazinin millidən uzaqlaşdırılacağı, müqavilə müddətinin artırılmayacağı dəqiqdi. Əsas olan 14 ildi futbolu məhv edən, bundan sonrakı 4-5 il üçün də qəbir qazmış Məmmədovun “mütəşəkkil dəstə”si yola salınsın. O zaman nəyəsə ümid etmək olar.
FƏRİD