“Zirə”nin yarımmüdafiəçisi Coşqun Diniyevin futbolinfo.az saytına müsahibəsi

  • “Qəbələ” ilə matçda hesabı açsanız da, qoruya bilmədiniz. Səncə, matçda niyə qalib gələ bilərdiniz?
  • Bilirdik ki, “Qəbələ” ilə səfər matçı çox çətin olacaq. Oyuna ciddi hazırlaşdıq. Rəqib oynadığı futbolla və turnir cədvəlindəki mövqeyi ilə hörmətə layiq olduğunu göstərib. Maraqlı qarşılaşma alındı. İlk hissədə istədiyimiz oyunu ortaya qoyub nəticəni əldə etsək də, qoruya bilmədik. Amma futboldur və belə oyunlar olur. Burdan çıxaracağımız nəticələr bizə xeyri dəyəcək. Nəzərə alsaq ki, hələ çempionatın 1/4 hissəsi geridə qalıb, qarşıda səhvlərin üzərində işləyib daha yaxşı ola bilərik.
  • “Zirə” mövsümdə cəmi bir məğlubiyyət alıb. Bunu davam edə biləcəksiniz?
  • Bunu zaman və bizim hər keçən gün işimizə bir az daha məsuliyyətli, ciddi yanaşmağımız göstərəcək. Əgər baş məşqçinin dediklərini tam yerinə yetirsək, hər şeyi meydana yansıta bilsək, o zaman mövsümün sonu bizim üçün uğurlu olar.
  • “Sabah”da ötən mövsüm bəzən çox oynamadın, bəzən oyunun alınmadı. Amma “Zirə”yə keçdikdən sonra özünü sübut etməyi bacarmısan. Bunun səbəbi nədir?
  • Düzdür, son iki mövsümdə istədiklərim alınmırdı. Amma futboldur və enişli-çıxışlı karyera hamıda olur. Əsas olan burdan düzgün nəticəni çıxarıb hansısa addım atmaqdır. Şükürlər olsun ki, seçimim uğurlu oldu. Əsas hara və niyə gəldiyimi dərk etmək idi. Hər məşqdə əvvəlki günlərimə qayıtmaq istəyirdim. Rəşad Sadıqovun sayəsində bunu bacarıram. Onunla işləmək səmimi deyirəm ki, məni futbola 2-ci dəfə qaytardı. Onun bilikləri, savadı və mənə yanaşmasının qarşılığını hədsiz dərəcədə qaytarmaq istəyirəm. Meydanda onun mənə verdiklərinin qarşılığını hələ ki, qaytarmamışam. Ancaq mövsümün sonunda uğurlu nəticə olarsa, sevinərəm.
  • Düşünürsən ki, bu yüksəlişi mövsümboyu davam etdirə biləcəksən?
  • İndidən hansısa proqnoz vermək olmur. Futbola aid hər gün, hər saniyə nələrsə baş verə bilər. Qaçılmaz zədələ və yaxud yaxşı-pis oyunlar olacaq. Amma bu il özümə söz verdiyim kimi bu komanda üçün ayağım qırılsa belə, son gücümə kimi meydanda ən yaxşısını etməyə çalışacam.
  • “Zirə” mövsümün iddialı komandalarındandır. Hədəf nədir?
  • Hədəf bizim liqada bütün komandalar üçün eynidir – avrokuboklara vəsiqə qazanmaq. Bizim də istəyimiz budur. Baş məşqçimizin istədiyi kimi məzmunlu oyunla bu nəticəni əldə etməliyik. Qazanmaq isə hər zaman əsas hədəf olmalıdır. Unutmamalıyıq ki, hər gün hər oyun inkişaf eləməyimizi istəyir. Bu gün hansısa qazanılan amma onun istəmədiyi oyunu görsə, sabah bunun bizə heç bir xeyri olmayacağı fikrini öyrədir.
  • Komandanız mövsümdə məğlubiyyəti 1 olsa da, 5 matçda qapısında qol görüb. Ümumiyyətlə, bunu rəqiblərin güclü olması, yaxud müdafiədəki çatışmazlıqlarla əlaqələndirirsən?
  • Könül istəyər ki, qol buraxmayaq. Hər bir oyun çətin keçir və rəqiblər yaxşıdır. Qol buraxsaq da, əsas olan ruhdan düşməməkdir. Müdafiə xəttini günahlandırmaq doğru deyil. Qol hücumdan tutmuş müdafiəyə qədər olan zəncirvari səhvlərdən sonra buraxılır. Çalışacağıq ki, gələn matçlarda daha diqqətli və məsuliyyətli olaq.

FƏRİD

Shares: