Sadəcə, dünən “Qarabağ”ın günü deyildi. Beynəlxalq arenada debüt matçına çıxan hakimin qərarları, ağdamlıların boşa verdiyi şanslar, gözlənilməz penalti, Şahruddin Məhəmmədəliyevin səhvi – bütün bunlar sıralanınca arzulanan nəticəni qazanmaq mümkün olmur.

Nə yaxşı ki, təmsilçimiz əsas vəzifənin öhdəsindən daha öncə gəlmişdi. 5-ci tura kimi “Qarabağ”ın qrupdan çıxdığı dəqiqləşmişdi, qalan iki oyunda qrup lideri olmaqla birbaşa 1/8 finala vəsiqə qazanmaq tələb olunur. Şans pisləşdi, amma yenə də öz əlimizdədi. Fərq ondadı ki, indi İsveçrədə heç-heçə qane etməyəcək, qələbə lazımdı.

Hər şey qrupun iki saat öncə baş tutan digər matçında başladı. “Kayrat” hesabı açmaqla, daha sonra növbəti dəfə önə keçməklə bizi ümidləndirsə də, “Bazel” Qazaxıstanda qələbə qazanmağı bacardı. Halbuki qonaqlar xal itirsəydi, “Qarabağ” qələbəyə daha çox motivasiya olunub işi bitirə bilərdi. Lakin Bakıda start fiti səslənəndə bəlli idi ki, “Omoniya”nı yenmək hələ 1/16 finaldan qaçmaq üçün yetərli olmayacaq.

Astanada gürcü hakim də ümumi nəticəyə təsir göstərdi – fasilə ərəfəsində verilən şübhəli penalti öz yerində, ikinci hissədə “Bazel”i eyni üsulla cəzalandırmağı lazım bilmədi.

Qələbə qazanmasa da, “Qarabağ” dünən oyunu ilə utandırmadı. Rəqibi üzərində aşkar üstünlük qazanan ağdamlılar yalnız toru silkələməyi bacarmırdı. Amma sərgilənən futbol gec-tez qollar vurulacağının müjdəçisi idi. Hətta top Toral Bayramovun əlinə dəyəndə, qapımıza penalti təyin olunanda da “Qarabağ”ın yaxşı futbolunun verdiyi inam itməmişdi.

Qurban Qurbanovun yetirmələri fasilədən qayıdan kimi hesabı bərabərləşdirdi. Oyuna nisbətən zəif heyətlə çıxan kiprlilər artan təzyiqə tab gətirməyib topu öz qapısına göndərdi. Boşa verilən daha bir neçə fürsət, iki dəfə hakimin müəmmalı qərarı da “Qarabağ”ı ruhdan salmadı. Patrik Andradenin qolu bizi oyunun məntiqi nəticəsinə doğru aparırdı. “Omoniya”nın azlıqda qalması da liderliyi geri qaytarmaq üçün fürsət yaratmışdı.

Amma bir anda ŞahruddinMəhəmmədəliyev səhnəyə çıxdı və… Qapıçını çox qınamağın da yeri yoxdu. Məhəmmədəliyev bir çox oyunlarda qələbələrə töhfə vermiş futbolçulardandı, bu dəfə məsuliyyətsizcəsinə önə çıxması ona dərs olacaq. Yaxşı ki, bu səhv taleyüklü matçda yox, əsas vəzifə yerinə yetirildikdən sonrakı oyunda reallaşdı. Mərkəzdən qapını nişan alan rəqib futbolçunun ustalığı da qeyd olunmalıdı, bəxtinin gətirdiyi gün idi. Maraqlıdı ki, dünən digər Kipr təmsilçisi “Anortosis” də “Gent”lə oyunda məhz eyni üsulla hesabı açdı.

Şahruddin bu səhvin əvəzini “Bazel”lə zirvə uğrundakı matçda mütləq qaytaracaq. Yetər ki, “Qarabağ” ruhdan düşməsin. Zatən İsveçrədə qələbə qazanmaq lazımdı. Düzdü, dünən qələbə qazanılsaydı, səfərə lider kimi gedəcəkdik və heç-heçə kifayət edəcəkdi. Amma bu səhv həmin oyunda qeydə alınsaydı, daha təsirli olardı.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən matçdan sonra Məhəmmədəliyevə dəstək verməklə ən düzünü etdi. O, hakimlərin qərarları ilə bağlı danışarkən də haqlı idi, danimarkalılardan ibarət briqadanın “Bazel”in təmsil etdiyi İsveçrədə yerləşən UEFA qərargahından göndərildiyi aşkar hiss olunurdu. Konkret iki epizodda rəqib penaltiylə cəzalandırıla bilərdi.

64-cü dəqiqədə Filip Ozobiçin vurduğu qolun qeydə alınmaması isə doğru qərar idi. Zərbə zamanı qapıçının önünü kəsib ona mane olan İbrahima Vadji ofsaydda dayanmışdı. Həm də bu epizod Andradenin qolundan sonra önəmsiz oldu. Qələbə hesabını qorumaq üçün Şahruddinin yerində dayanması lazım idi.

“Qarabağ” bu hesabı unutmalı, təəssüflənməməlidi. Komanda yaxşı futbol oynadı, oyunu ilə rəqibdən aşkar üstün olduğunu göstərdi. Komandanın 4 turdan sonra qrupdan çıxmağı təmin etməsi də elə bunun nəticəsidi. Hətta ikinci yer də 8 komandalı Azərbaycan çempionatından çıxmış Ağdam klubu üçün əla göstəricidi, liderliyi qaytarmaq mümkün olsa, lap əla, olmasa belə, kimsə uğura kölgə salmayacaq.

Yazda mübarizə davam edəcək, amma ona kimi növbəti qəhrəmanlıq üçün cəhd göstərmək lazımdı. Səfər matçlarında daha yaxşı oynayan “Qarabağ” “Bazel”i üstələmək üçün üçün səy göstərməlidi. Adi qaydada hazırlaşmaq, həmin gün motivasiyalı olmaq və arzuları reallaşdırmaq lazımdı. Ümid edək ki, dünəndən fərqli olaraq, həmin gün ən uğurlu günlərdən biri olacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp