Avropa Liqasında qrup mərhələsinin 5-ci turunda Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) klubu səfərdə İngiltərə “Lester Siti”sinə 1:3 hesabı ilə məğlub olub.

Futbolinfo.az xəbər verir ki, Varşava təmsilçisinin baş məşqçisi Marek Qolembevski matçdan sonra keçirilən mətbuat konfransında çıxış edib: “Yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdən rəqibin hücum futbolu sərgiləyəcəyini gözləyirdik”.

41 yaşlı mütəxəssis buraxdıqları ilk qoldan əvvəl mərkəzdə topu itirən Mahir Emrelinin reaksiyasından sonra qəzəblənib. Buna 24 yaşlı hücumçunun sonadək mübarizə aparmaması səbəb olub.

Qolembevski həmin epizoddakı reaksiyana belə aydınlıq gətirib: “Meydanda baş verənlərə hər zaman dərhal reaksiya verirəm. Ona görə də reaksiyam belə oldu. Oyunçu səhv edirsə və görürəm ki, bu, mənə qol bahasına başa gəlirsə, reaksiyam belə olur”.

Mahir Emreli bu matçda penaltidən də yararlana bilməyib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp