Canni de Byazi yığmanı Millətlər Liqasında qrup qalibi etməyə söz verib. O, məhz bu vədindən sonra postunda saxlanılıb.

Şaiyələr belədi, rəsmi açıqlama yoxdu. AFFA rəsmiləri susur, İcraiyyə Komitəsinin iclasından sonra hətta mətbuat konfransına da ehtiyac duymadılar. İtaliyalı məşqçi isə suallarımıza cavab vermək üçün AFFA-dan icazə ala bilmir.

O da deyilir ki, de Byazinin müqaviləsinə xüsusi bənd salınıb. İtaliyalı jurnalist Canluka di Martsionun yazdığına görə, yığma UEFA Millətlər Liqasında uğurlu çıxış edəcəyi təqdirdə, 65 yaşlı mütəxəssisin sözləşməsi daha 2 il uzadıla bilər.

Amma maraqlıdı ki, “uğurlu çıxış” deyiləndə nə nəzərdə tutulur? Son seçmə mərhələdə 1 xal yığan millinin bundan çox xal yığması uğur sayılacaqmı? Yoxsa həqiqətən Canninin qarşısına pley-offa yüksəlmək tələbi qoyulub və o, bununla razılaşıb? Ümumiyyətlə, bu hədəfi qoyanlar və onu qəbul edən nəyə arxayın olaraq belə edblər? Ölkə futbolunun ümumi durumu bərbaddı və nəticə qazanmaq faktiki mümkünsüzdü. Kimi aldadırlar?

İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov açıqlamasında de Byazinin qarşısına qoyulan vəzifəni demək olar, təsdiq edib: “Canni de Byazi ilə bağlı qərarın verilməsi üçün çox gərgin müzakirələr getdi. Nəticədə ona Millətlər Liqasında 6 matçda komandaya baş məşqçilik etmək şansı verildi. Çünki de Byazi son Millətlər Liqasında və DÇ-2022-nin seçmə mərhələsində yığmaya rəhbərlik edib, futbolçuları yaxşı tanıyır. Ondan güclü, mübariz komanda yaratmaq, 2022-ci ildəki Millətlər Liqasında ən yüksək yerlər uğrunda mübarizə aparmaq, pley-off-a vəsiqə qazanmaq tələb edilib. Ola bilər ki, bu, alınmasın. Amma komanda ən yüksək yerlər üçün çalışmalıdır. Onun komandanı qrupdan çıxaracağına inanırıq. Millətlər Liqasındakı nəticələrə əsasən sentyabrdan sonra bir qərara gəlinəcək”.

Göründüyü kimi, sadəcə, vaxt udmağa çalışırlar. Özünə hörmət edən, səviyyəli məşqçi AFFA-nın qapısında yatıb yeni müqavilə dilənməzdi. Və belə birini uğur yox, imkan daxilində çox qazanmaq düşündürür. De Byazi maaşının azaldılmasına razı olubsa, deməli, AFFA ilk gəldiyi vaxt onun bacarığını düzgün qiymətləndirməyib, dəyərindən artıq pul verib. Bunun hesabatını vermək istəyən varmı?

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp