AFFA Canni de Byaziyə 10 ay vaxt verdi. İtaliyalı Millətlər Liqasında yığmamızı qrup qalibi etməlidi. Əks halda, onunla yollar ayrılacaq. Bəlkə də bu dəfə gecikən daha ciddi islahatlar reallaşacaq.

Futbol qurumu bu bəhanə ilə vəziyyətdən çıxmağı bacardı, ömürlərini daha bir il uzatdılar. Yerli məşqçi tələbləri də beləcə qarşılığını tapdı.

İllərə dayanan təcrübəmə əsasən, sonluğun məhz belə olacağını təxmin etmişdim. AFFA-dakı “mütəşəkkil dəstə” kreslolarını qorumaq üçün hər cür rəzilliyə hazırdılar. Məhz bu səbəbdən ötən aylar ərzində bir dəfə də olsun kimisə millinin baş məşqçi postuna namizəd kimi göstərmədim. Layiq olanlar var, amma ad çəkməməyi üstün tutdum. Çünki ölkədə futbolun inkişafı üçün millinin başında kimin dayanmasının heç bir önəmi yoxdu. Ora gələcək istənilən adam icraçı vitse-prezident Elxan Məmmədovun növbəti oyunlarının qurbanı olacaq, xərclənəcəkdi.

Qurban Qurbanov təcrübəsi var. Adam işlədiyi dövrdə faktiki milli məşqçiləri arasında ən yaxşı nəticəyə nail oldu, amma pulyeyənlərin biznes planlarını pozduğu üçün il bitən kimi onu yola saldılar, ləkələmək üçün hər yola baş vurdular. Bu səbəbdən AFFA-da rəhbərlik dəyişməyincə, futbola baxış, strategiya yenilənməyincə, həqiqi inkişaf yolu seçilməyincə millinin baş məşqçi postunda kimin əyləşməsinin heç bir önəmi yoxdu. Orada əyləşən yalnız tənqid edilmək, söyülmək üçün müqəvva olacaq.

Artıq qərar verilib, indi ad açıqlasam, kimsə məni təbliğatda, kampaniya aparmaqda qınaya bilməz. Azərbaycan millisini çalışdırmağa layiq, onu uğura daşımağı bacaracaq məşqçilərin başında Qurban Qurbanov gəlir. Baş məşqçi bacarığı bir yana, artıq Avropa klubları onun qarşısında acizdisə, kimsə səviyyəylə bağlı müqayisəyə belə cəhd edə bilməz. Amma Qurbanovu bu posta bir nömrəli namizəd edən səbəb onun adam kimi adam olmağıdı. Vicdanlı, ədalətli, vətənpərvər, məsuliyyətli, özünü işinə verən bir nömrəli peşəkar…

Onun olduğu yerdə Elxan Məmmədov toplanışlardan faiz qazana, büdcəni yalandan şişirdə bilməz; onun olduğu yerdə tapşırıqla heyətə futbolçu götürülməz; onun olduğu yerdə çarter reysləri yeyib-içmək məclislərinə çevrilə bilməz; onun olduğu yerdə saxta inkişaf fonu yaradıla bilməz; onun olduğu yerdə yalanlar keçməz.

Artıq bu həqiqətləri hamı qəbul edir. Çempion olmayan komandanı da avrokubokların qrupuna çıxarandan, ardıcıl uğurlara pley-offa yüksəlməklə daha bir naxış əlavə edəndən sonra AFFA məddahları da Qurban bəyin qarşısında gözükölgəli olub. Bükə bilmədiyin yumruğu öpməlisən. İndi Kazbek Tuayev, Mahir Məmmədov kimi İcraiyyə Komitəsi üzvləri milliyə məhz Qurbanovun yeganə layiqli namizəd olduğunu etiraf etməyə başlayb. Amma onlar da Elxan Məmmədovun ağzından oğurladıqları bəhanəni səsləndirirlər. Guya ki, Qurban bəyin təyinatı “Qarabağ”a ziyan verər. Halbuki sabah Qurbanov “Qarabağ”dan istefa versə, boşda olsa, bu hiyləgərlər başqa bəhanə fikirləşər.

Qurbanovdan başqa namizədlər də var idi. Və onların başında Rəşad Sadıqov gəlirdi. Qurban bəylə bağlı bəhanəni nəzərə alsaq, “Zirə”nin baş məşqçisinin namizədliyi ön plana çıxırdı. Xarakteri, təcrübəsi, bacarığı ilə millinin sabiq kapitanı bu postu tutmağa ən layqlilərdən birincisi idi. Amma ondan çəkindilər. Sadıqovun yığmanın məşqçi olması, uğur əldə etməsi AFFA-nın indiyəqədərki səriştəsiz addımlarını faş edəcəkdi, hətta indiki potensialla da Canni de Byazidən daha yaxşı nəticə qazanmağın mümkünlüyü aydın olacaqdı. Bu gün az qala bütün milli üzvləri onu müdafiə edirsə, adını dilə gətirirsə, iş prosesi başlayandan sonra bu birlik da möhkəmlənəcək, uğura aparan yumruğa çevriləcəkdi. Elxan Məmmədovun mütəşəkkil dəstəsi bu yumruğun onlara dəyməsindən qorxdu.

Sadıqovun indiki AFFA rəhbərliyi ilə birgə çalışmasının, onların toruna düşüb gözdən salınmasını arzu etməmişəm. Çünki ümumi uğur üçün baş məşqçini dəyişməklə iş bitməyəcəkdi. Və nə yaxşı ki, bu izdivac baş tutmadı. Daha bir il yaratdıqları bataqlıqda boğulsunlar, ondan sonrasına baxarıq. Bu gün Rəşaddan ehtiyat edənlər sabah ona minnətçi düşəcək.

Lakin bu 1 il vaxt təkcə de Byaziyə verilməyib. 2022 həm də Sadıqovun özünü növbəti dəfə sübut etməsi fürsətidi. Rəşad işi ilə “ən layiqli namizəd” adını növbəti dəfə doğrultmalıdı. O zaman Sadıqovun təbliğatını azarkeşlər, mətbuat yox, nəticələri aparacaq. Vaxtilə Qurban Qurbanovda olduğu kimi… Amma gənc çalışdırıcı Qurbanovun düşdüyü düşmən mühasirəsinə düşməməlidi, milliyə Elxan Məmmədovla işləməyə yox, onun viran qoyduğu futbol təsərrüfatına can verməyə, xilaskar kimi gəlməlidi.

Təbii ki, Məmmədovun mütəşəkkil dəstəsi milli komandayla bağlı problemləri müvəqqəti dondurdu. Sabah çirkin planlarına davam etmək üçün 1 ili boşa verməyəcəklər, onlar üçün əsas təhlükə mənbəyi olan Qurbanovu, Sadıqovu gözdən salmağa, onları hər fürsətdə büdrətməyə çalışacaqlar. Necə ki, ötən mövsüm “Zirə”ni avrokuboklara vəsiqədən göz görə-görə kənar qoydular. Belə çirkin oyunlar davam edəcək.

Sadıqov belə tələlərə hazır olmalı və özünü növbət dəfə sübut etməlidi. Bacaracaqsa, zirvədə olacaq, bacarmayacaqsa, AFFA-nın səriştəsiz idarəçiləri yenə rəqibsiz qaldığı meydanda texniki qələbəni bayram edəcək. Əbədi kapitan sarğını çıxara bilməz, futbolun qatilləri ilə mübarizədə ön sırada olmalıdı. Amma futbol fərdi mübarizə növü deyil…

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp