“Sabah”ın son turlarda uğurlu çıxış etməsinin bir səbəbi də qapıçı mövqeyindəki dəyişikliklə bağlıdı. Baş məşqçi Murad Musayev Səlahət Ağayevi ehtiyatda saxlayaraq “çərçivə”ni Yusif İmanova tapşırır. Gənc oyunçu limitindən qapıda istifadə etməklə rusiyalı mütəxəssis meydanda seçim imkanlarını çoxaldır, hücum gücünü artırmağa nail olur.

Yusifin inamı doğrultması “Sabah” adına müsbət məqamdı. Həm futbolumuz yeni istedad qazanır, həm də komandanın uğurlarında rol oynamaqla İmanov özünü təsdiqləyir. Klubun aşağı yaş qruplarından əsas heyətə götürülən kiperin özünün də böyük hədəfləri var.

– Son 3 turdur ardıcıl olaraq komandanın qapısını qoruyursan. Ümumiyyətlə, bu cür etimadı gözləyirdin?

– Məşqlərimə hər zaman diqqətlə yanaşıram. Daim meydana çıxmağa hazır olmuşam. Məşqçilərə təşəkkür edirəm ki, mənə güvəndilər. Şans verdilər və əlimdən gələni etməyə çalışıram. Amma istənilən halda, kimin meydana çıxmasının fərqi yoxdur. Əsas odur ki, komanda şəklində oynayıb qalib gəlirik.

– Səlahət Ağayev kimi təcrübəli yığma qapıçısı ilə mübarizədə sən şans qazanırsan. Bu, səni motivasiya edirmi?

– Səlahət Ağayev hər zaman mənə dəstək olub. İstər məşqlərdə, istərsə də oyunlarda daim ondan nəsə öyrənməyə çalışıram. Məşqlərdə onu diqqətlə izləyirəm. Mənə həm psixoloji baxımdan, həm də texniki cəhətdən çox kömək olur.

– Son turda “Zirə” üzərində qələbə qazandınız. Bu oyunla bağlı fikirlərin necədir? Avrokuboka vəsiqə yolunda bu matçı ən vacib oyunlardan biri saymaq olar?

– Bəli, çox vacib xallar əldə etdik. Bundan əvvəlki oyunlarda olduğu kimi, bundan sonra da sırf qələbə üçün meydana çıxacağıq. Bizim üçün qalibiyyətlər önəmlidir.

– Ümumiyyətlə, komanda son zamanlar çox inkişaf edir və yüksələn xətlə gedir. Necə düşünürsən – mövsümün sonunda avrokuboklarda oynayacaqsız?

– Məncə, bu inkişafın səbəbi məşqlərdə məsuliyyətli olmağımızdır. Baş məşqçinin verdiyi tapşırıqları diqqətlə yerinə yetirmək lazımdır. Avrokuboklar barədə indidən nəsə demək də doğru deyil.

– Amma xal fərqini xeyli azaltdınız və artıq 4-cü pillədəki “Qəbələ” ilə 2 xal fərqi var. Bu, sizə ümid verir?

– Əlbəttə ki, xal fərqinin az olması bizim üçün yaxşıdır. Lakin rəqib komandalara baxmağı doğru saymıram. Öz oyunumuza, öz futbolumuza köklənməliyik. Çünki biz qələbələr qazansaq, nəticəsini də görəcəyik.

– Qarşıda “Neftçi” ilə matç var. Səfərdə onlara qarşı oynayacaqsız. Bir xal da sizin üçün yaxşı nəticə sayılacaqmı?

– Düşünürəm ki, çox gərgin oyun olacaq. Biz meydana qələbə üçün çıxacağıq.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp