Sevinməyə tələsməyin. Elxan Məmmədov hələ heç yerə getməyib, əksinə, siyasi oyunların içindədi, mövqelərini möhkəmlədir. Onun yeni vəzifəyə təyinatı Azərbaycan futbolundan əl çəkməsi anlamına gəlmir.

Hələ iki ay öncə AFFA-nın icraçı vitse-prezidentinin gedişi ilə bağlı yazmışdıq. Mayda Azərbaycan futbolunda ciddi islahatlar olacağını, bəzi dəyişikliklərin reallaşacağını proqnozlaşdırmışdıq. Proseslərin analizi belə mühakimə yürütməyə imkan verirdi, lakin yekun kimin necə şahmat oynamasından asılı idi.

Məmmədov Canni İnfantinoyla görüşüb selfi paylaşanda AFFA-ya gəlmək istəyən qüvvələrə qarşı əzələ nümayiş etdirdiyi görünürdü. Ardınca baş katib postunu müavini Sərxan Hacıyev üçün boşaldanda növbəti addımı atdı. Bütün bunlara qədər isə AFFA Nizamnaməsini dəyişib icraçı vitse-prezident postu qondaranda və özünü ora təyin etdirəndə bugünlərin planını cızırdı. İndiki təyinatına baş katib kimi nail ola bilməzdi, daha önəmli post tutması lazım idi.

Elxan bəy FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb. Parisdə qərar tutacaq Məmmədov mayın ilk günü fəaliyyətinə start verəcək. Müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək ona həvalə olunub.

FIFA prezidenti Canni İnfantinonun “bəy tərifi” çoxillik əməkdaşlığın və yuxarıda bəhs etdiyimiz görüşün nəticəsidi. Uzun müddətdi tanış olan bu şəxslər daim bir-birinə dəstək verib və yəqin ki, indi Məmmədovun ölkədə laxlamış mövqeyini möhkəmlətmək üçün bu təyinata ehtiyac var idi.

Lakin Məmmədovun AFFA-dakı taleyi hələ də müəmmalıdı. Onun fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcəyi deyilir. Bəs, icraçı vitse-prezident postu? Yəqin ki, bu vəzifəylə bağlı durum aydınlaşana kimi dəqiq heç nə deyə bilməyəcəyik.

Bu vəzifəyə reallaşacaq yeni təyinat AFFA-nın idarəetməsindəki vəziyyəti qətiləşdirəcək. Yeni qüvvələr işə başlayacaqsa, bunu islahat saya bilərik, yox, formal dəyişikliklərlə Məmmədovun dəstəsinə daxil olan kimsə bu postda əyləşəcəksə, deməli, futbolumuzun Fransadan idarə olunması dövrü başlayacaq. Hətta Elxan bəyin Nizamnaməni yenidən dəyişib icraçı vitse-prezident postunu ləğv etməsi, beləcə adi vitse-prezident kimi işinə davam etməsi, Sərxan Hacıyevin vasitəsi ilə hakimiyyətini sürdürməsi mümkündü.

Göründüyü kimi, açıq qalan sual çoxdu və qarşıdakı günlərdə bütün bunlar dəqiqləşməlidi. Bircə o dəqiqdi ki, Məmmədov hətta getsə də, daha səs-küylü dönüş üçün zəmin hazırlayır. Fərid Qayıbovun beynəlxalq təşkilatda vəzifəyə yüksəlib gənclər və idman naziri postuna gəlişi kimi…

Məmmədov illərdi ölkədə mühüm posta təyinat gözləyirdi. Lakin səriştəsizliyi, imicinin ləkələnməsi üzündən arzusuna çatmadı. Belədə ona özünüreklam üçün bu təyinat lazım idi. Müxtəlif ölkələrin səfirləri ilə daimi təmaslar, görüşlər təsadüfi deyildi, himayəçilərinin “uğurlu kadr” kimi qələmə verməyə çalışdığı bu şəxs gələcəkdə “daha vacib planların” həyata keçirilməsi üçün lazım olacaq.

Məmmədovun Azərbaycan futbolunda idarəçilikdə qalacağı, yoxsa birdəfəlik gedəcəyi dəqiqləşməsə də, ona uğurlar arzulayırıq. Futbolu bilməsə də, idarəçi kimi onu siyahıdan silmək olmaz. Marketoloq bacarığı danılmazdı və bəlkə də hazırkı təyinatı onun boyuna biçilib. İdman nəticələrinə müdaxilə etmədən işləməyə davam etsə, uğurlu ola bilər.

Azərbaycan futbolunda isə hələ çox problem həll olunmalıdı. Məmmədovun illərdi məhv etdiyi futbol təsərrüfatını dirçəltmək üçün xeyli iş görülməlidi. Yeni təyinatların olacağı, seçimlərin düzgün ediləcəyi ümidi ilə…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp