Türkiyənin “Antalyaspor” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi mərkəz müdafiəçisi Naldo Pereyra və yarımmüdafiəçisi Doğukan Siniklə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Naldo Pereyranın klubla müqaviləsinin müddəti bitib və yeni anlaşmaya ehtiyac duyulmayıb. Doğukan Sinik isə İngiltərənin “Hall Siti” klubuna satılıb. Antalya təmsilçisi hər iki oyunçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək kayreralarında uğurlar arzulayıb.

Naldo Pereyra 2020-ci ildə İspaniyanın “Espanyol” klubundan “Antalyaspor”a transfer olunmuşdu. Doğukan Sinik isə “Antalyaspor”un öz yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında çıxış edirdi. 23 yaşlı vinger ötən mövsüm Super Liqa çərçivəsində meydana çıxdığı 31 matçda 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Futbolçu həm də Türkiyə millisinin üzvüdür. O, əsas millidə 3 oyuna 2 qol vurub.

İngiltərə Çempionşipində mübarizə aparan və Premyer Liqaya yüksəlməyi hədəfləyən “Hall Siti” klubunun sahibi Acun Ilıcalıdır. TV8-in rəhbəri daha öncə Türkiyənin “Fənərbaxça” klubundan Allahyar Sayyadmaneş və Ozan Tufanı da sözügedən komandaya transfer etmişdi.

Shares: