Proses o qədər açıq gedir ki, futbolda məqsədli islahatlar o qədər bəsit aparılır ki, azacıq diqqətli futbolsevərlər hər şeyin fərqindədi. Hamı görür ki, futbolda islahat elə islahat naminə reallaşır, sadəcə, adlar dəyişir.

Düzdü, indikilər o qədər bərbad işləyib ki, onları əvəz edənlər hətta xüsusi səy göstərmədən də daha yaxşı təsir bağışlayacaqlar. Lakin atılan addımlardan niyyətləri oxumaq olur, yeni komanda formalaşdırıldığı aydın görünür. Çox təəssüf ki, futbol qalıb bir yanda postlar, nüfuz dairələri bölüşdürülür.

Öncə klubların maliyyəsi kəsildi. Pul futbolda önəmli amildi, krantı (oxu: SOCAR-ı) ələ keçirib pul axınını bağladınsa, şərtləri sən diqtə edirsən. Belə də oldu, AFFA-dakı bütün dəyişikliklər məhz maliyyə imtahanını nəticələridi.

Ardınca birdən-birə çempionata sponsor axtarışı elanı ortaya çıxdı. Müddət – 3 gün. Deməli, hər şey hazırdı, elan gözdən pərdə asmaq üçündü. Kimin sponsor olacağı az qala bir ildi bəllidi, sadəcə, həmin şirkətin bağlı olduğu adamların futbolda hakimiyyəti ələ alacağı günü gözləmək lazım imiş.

Sssenari əvvəlcədən yazılıb. “Tender”in bitiminə saatlar qalarkən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev istefa verir, dəqiqələr sonra yeni rəhbərin təyinatı reallaşır. Daha bir gün keçir və çempionatın sponsorunun adı elan olunur.

Sponsor anlaşması zamanı da kimsə üzə çıxmır, sanki müəmmalı əl yenə pərdə arxasından daşları müvafiq xanalara qoyur, şahmat taxtasında növbəti gedişi edir. Çempionatın necə adlanacağı rəsmi səhifələrdə yazılır, müqavilənin müddəti gizli saxlanılır, çəkiləcək xərclərlə bağlı, yeni sponsorun hansı şərtlərlə anlaşma izlaması haqda məlumat verilmir. Klubların, AFFA-nın, PFL-in qazancı nə olacaq – heç nə bəlli deyil.

AFFA-nın gələcək rəhbərliyi o qədər rahatdı ki, ictimaiyyəti məlumatlandırmaması bir yana, hətta imza mərasimindən bircə foto da yoxdu, rəsmilərin açıqlaması isə güman ki, mətbuat xidmətləri tərəfindən yazılıb – şablon, bəy tərifi. Bu nə rahatlıqdı?

Bəylər, bir az ciddi olun, futbol sizin evinizin arxa baxçası deyil. Mini-futbol meydançasını bağlatdırıb abunə haqqı ödəmirsiz, Premyer Liqa sizin şəxsi çempionatınız da deyil. Zəhmət olmasa, rəsmi açıqlama verin, mətbuat konfransı keçirin, bu anlaşmanın futbolumuza həqiqətən faydalı olacağına bizi inandırın. Bukmeker kontorunun adını çempionata verməklə bu işlər olmur.

Anlaşma kimlər arasında bağlanıb? Çempionatı keçirən PFL rəsmisinin niyə heç bir açıqlaması yoxdu? AFFA-nın baş katibi Sərxan Hacıyev kimdi ki, müqaviləyə imza atsın? Axı, yarışı keçirən PFL müstəqil qurumdu, onlardan xəbərsizmi iş görürsüz?

Axı, elanda ölkə kuboku da nəzərdə tutulmuşdu? Müqavilədə bu məqam niyə unudulub? Unudulmayıbsa, bəlkə anlaşmanı ətraflı izah edəsiz, təfərrüatı açıqlayasız?

Təbii ki, xeyirli olmasını diləyirik, klublara müəyyən vəsait ayıracağınızı bilirik. Amma bütün bunları bəyan etmək, detalları açıqlamaq, ictimaiyyəti bilgiləndirmək lazımdı. Belə kobud, redaktə edilməmiş addımlarla dərəbəyi kimi görünürsüz. Rahat olan, 10-15 il də futbola ayrılan pulları siz yeyəcəksiz, heç olmasa, süfrəyə səliqəli əyləşin, boşqabı, çəngəl-bıçağı ədəblə düzün. Belə acgözlüklə yesəz, boğazınızda qalar, nəfəsiniz kəsilər.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp