“Turan Tovuz”un kollektivi şəhid Elxan Məmmədov adını daşıyan Tovuz şəhər tam orta məktəbinin qonağı olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məktəbin direktoru İlhamə Zeynalova, müəllim və şagird heyəti, baş məşqçi Ayxan Abbasov, akademiya koordinatoru Rasim Əliyev, futbolçular Şəhriyar Əliyev, Kamal Bayramov, Cavid Tağıyev, Natan Oduva və Henri Okebuqvu ilə birlikdə məktəbin akt zalında görüş keçirilib. Baş məşqçi Ayxan Abbasov dəvətə və qonaqpərvərliyə görə məktəb rəhbərliyinə minnətdarlığını bildirib, komanda haqda ətraflı məlumat verib.
Bir saatdan çox davam edən görüşdə müəllim və şagird heyətinin sualları cavablandırılıb. Belə tədbirlərin mütəmadi təşkil olunması xüsusi vurğulanıb. Sonda məktəb rəhbərliyinə klubun atributları hədiyyə olunub, xatirə şəkli çəkilib.