Rəqib bəlli, fevrala kimi hazırlaşmaq üçün zaman da var. Ümid də olmamış deyil, Bakıya Avropa nəhəngi gəlməyəcək. Düzdü, sıradan komanda sayılmır, lakin oynamaq, mərhələ keçmək olar.

“Qarabağ” Konfans Liqasının 1/16 final mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq. Püşkdə adı səbətdən birinci çıxan təmsilçimiz bu rəqiblə öncə evdə, daha sonra səfərdə qarşılaşıb, 1/8-ə kimin çıxacağını müəyyənləşdirəcək.

Ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində ikinci pilləni tutduqdan sonra Avropa Liqasından gələn “Marsel”lə qarşılaşan “köhlən atlar” bu dəfə “yuxarı”dan bu turnirə eniş etdi. “Marsel” dişimizə görə rəqib deyildi. Ona görə də Fransa təmsilçisinə hər iki oyunda məğlub olan Ağdam klubu avrokuboklarda mübarizəni dayandırdı. Budəfəki rəqib isə dişimizə görədir, dilimizə görə yox.

Başqa ölkələri deyə bilmərəm, Azərbaycanda həmişə “Gent”lə “Genk”i qarışdırmışıq. Bir hərfin güdazına gedərək hansının güclü, hansının zəif olduğunu müəyyənləşdirə bilməmişik. Bu dəfə “Qarabağ” sayəsində onlardan birini yaxından tanımaq imkanımız olacaq. Gələn il fevralın 16-ı və 23-də qarşılaşacağımız bu komandanı görməmişdən əvvəl onunla qiyabi tanış olmaq imkanımız var.

Əsl adı “Gent Kral İdman Assosiasiyası” (KAA Gent) olan və Belçikanın Şərqi Flandriya bölgəsinin ən böyük şəhəri olan Genti təmsil edən klub 1864-cü ildə yaranıb. Amma uzun müddət bu klub idman cəmiyyəti kimi fəaliyyət göstərib. Yüngül atletika, boks, kriket, velosiped idmanı, qılıncoynatma, hokkey, üzgüçülük və tennis bölmələri ilə təmsil olunan kluba sonradan futbol da əlavə edilib.

1900-cü ildən etibarən “Gent”in futbol komandası cəmiyyətdən ayrılaraq müstəqil futbol klubu kimi fəaliyyət göstərməyə başlayır. İlk bir neçə ayda ağ-qara rənglərlə çıxış edən, “camışlar” ləqəbi ilə tanınan klub sonrada qaranı mavi rəngə dəyişir. “Gent”ə “buğalar”, “bizonlar” da deyirlər.

Yeri gəlmişkən, klub 1971-ci ilə qədər “ARA La Gantoise” adı ilə mübarizə aparır. Amma 1913/14 mövsümündən Belçika yüksək liqasında çıxış edən komanda qeyri-sabit çıxışları ilə yadda qalır. İlk dəfə 1939/40 mövsümündə bürünc medala sahib çıxaraq medalçılar sırasına yüksələn “Gent”, 1954/55 mövsümündə artıq 2-ci yerə sahiblənir.

“Camışlar” ilk titulunu 1963/64 mövsümündə qazanır. Artıq növbəti mövsümdə isə “Gent” Belçikanı Kuboklar Kubokunda təmsil edən ilk komanda kimi tarixə düşür. Hərçənd bundan bir il əvvəl “Gent” Yarmarkalar Kubokunda debüt etmiş və ilk mərhələdə Almaniyanın “Köln” klubuna məğlub olaraq (1:1, 1:3) mübarizəni dayandırmışdı. Kuboklar Kubokundakı debüt mövsümündə isə “Gent” İngiltərənin “Vest Hem” klubu ilə bacarmamışdı – 0:1, 1:1.

“Gent” avrokuboklarda ilk mərhələni də elə həmin illərdə adlayıb. 1966/67 mövsümündə “camışlar” ilk mərhələdə Fransanın “Bordo” klubu mübarizədən kənarlaşdırıb – 1:0, 0:0.  Amma növbəti mərhələdə belçikalıların qarşısını Şotlandiyanın “Kilmarnok” klubu kəsib – 1:2, 0:1.  Maraqlıdır ki, Avropada ilk mərhələni adladığı mövsümdə “Gent”in Belçika çempionatında işləri qaydasında getmir və komanda 15-ci yeri tutaraq tarixində ikinci dəfə elitanı tərk edir (buna qədər “ağ-göylər” 1928/29 mövsümündə belə uğursuzluq yaşamışdı – müəl.).

2 ildən sonra yenidən elitaya qayıdan komanda ilk mövsümündə 11-ci, növbəti il 3-cü yeri tutursa, 1970/71 “futbol ili”ndə növbəti dəfə bərbad çıxış edərək 1-ci diviziona düşür. Amma bu dəfə “camışlar” orada uzun müddət “gecələməli” olur və yalnız 10 ildən sonra geri qayıdır.

Maraqlıdır ki, bu qayıdış də 1968/69 mövsümünə bənzəyir. “Gent” yenə də elitada ilk mövsümündə turnir cədvəlinin ortalarında qərarlaşır, ancaq o biri il 3-cü yeri tutur. Bu illər “Gent” Belçika Kubokunda da uğurlu çıxışı ilə yadda qalır. “Ağ-göylər” 1983/84 mövsümündə tarixində ikinci dəfə kubokun sahibi olur. 1986/87 mövsümündə isə “Gent”  UEFA Kubokunda iki mərhələ geridə qoyaraq avrokuboklarda ən uzunu yolunu qət edir.

Di gəl ki, növbəti mövsüm gentlilər qəfil əyləci basır və tarixində 4-cü dəfə elitanı tərk edir. 1 ildən sonra elitayaya qayıdışdan sonra komanda yenidən güclənir. Hətta 1991/92 mövsümündə “camışlar” avrokubolarda məsafəni bir qədər də artıraraq bu dəfə 3 mərhələ keçir. Amma 1/4 finalda “Gent”in qarşısını “Ayaks” kəsir.  Yeri gəlmişkən, həmin illər Belçika futbolunun əfsanələrindən olan Rene Vandereykenin başçılığı altında “camışlar” Belçika çempionatının gözoxşayan komandalarından biri kimi tanınır. Frank Dauven, Erik Viskal və Ervin Vandenberq kimi oyunçuları sayəsində komanda hər mövsüm çempionluq və avrokuboklar uğrunda mübarizə aparır.

1993-cü ildə Vandereykenin “Standart”a gedişindən sonra “Gent”də eniş başlanır. Sonrakı illərdə bu klubda məşqçilər əlcək kimi dəyişir. Amma 1997/98 mövsümündən “ağ-göylər” sabit çıxışı ilə diqqət çəkir və demək olar ki, 8-ci pillədən aşağı düşmür.

Son 15 ildə isə “Gent” artıq Belçikanın nəhəng komandalarından birinə çevrilir. Müntəzəm olaraq avrokubokarda çıxış edən”camışlar”, 2010/11-ci ildə tarixində ilk dəfə Çempionlar Liqasında oynamaq imkanı əldə edir. Amma ilk mərhələdə bu komanda hər iki oyunda Kiyev “Dinamo”suna məğlub olaraq (1:3, 0:3) Avropa Liqasına yuvarlanır. Oradan “Feyenoord” səddini keçərək (2:0, 0:1) tarixində ilk dəfə qrup mərhələsinin həyəcanını yaşayır. Amma “Sportinq”, “Lill” və Levski”nin əhatəsində “ağ-göylər” 3-cü yeri tutaraq pley-offa yüksələ bilmir.

2 il sonra “Gent” tarixində ilk dəfə ölkə çempionu olur. Bəli, hazırda bu komandanı çalışdıran Heyn Vanhazebruk məhz o mövsümdə “ağ-göylər”i çempion etməyi bacarmışdı. Maraqlıdır ki, Vanhazebrukun başçılığı altında ÇL-in qrupuna düşən “Gent” “Valensiya” ilə “Lion”u qrupda qoyaraq “Zenit”lə birgə 1/8 finala vəsiqə qazanır. Amma orada bu komandanın qarşısını “Volfsburq” kəsir. 2017-ci ildə Van Hazebruk “Anderlext”ə üz tutur. 3 il ərzində klub əzəmətini itirməsə də, çempionluq sevinci yaşaya bilmir.

unnamed 1 - Futbolinfo.az

2020-ci ildə Heynin qayıdışı komandaya Jupiler Liqada yeni heç nə vermir. Amma klub müntəzəm olaraq avrokuboklara vəsiqə qazana bilir. Bu komanda ötən mövsüm onun başçlığı altında tarixində 3-cü dəfə Belçika Kubokunun qalibi olur.

Maraqlıdır ki, “Gent” də bu mövsüm “Qarabağ” kimi Avropa Liqasının dadını çıxarıb. Amma o, pley-off mərhələsində ötən mövsüm “Qarabağ”ın qapazaltısı olan Kiprin “Omoniya” klubuna hər iki oyunda 0:2 hesabı ilə məğlub olaraq Konfrans Liqasının qrupuna düşüb. Burada isə F qrupunda İsveçin “Yurqorden”, Norveçin “Mölde” və İrlandiyanın “Şemrok Rovers” klubları ilə qarşılaşan “ağ-göylər”, ilk iki turda qapısında top görmədən 4 xal qazanır. Amma “Yurqorden”ə qarşı keçirdiyi ardıcıl 2 oyunda xalsız qalan “Gent” əlini 1-ci yerdən üzür. 5-ci turda səfərdə “Şemrok Rovers”i də məğlub edə bilməyən Heyn Vanhazebrukun yetirmələri son görüşdə “Mölde”ni 4:0 hesabıyla darmadağın edərək pley-offa vəsiqə qazanır.

“Gent”in heyətinə nəzər salarkən,  13 legionerin çıxış etdiyini görərik. Amma istər yerli, istərsə də legionerlərdən vaxtilə “böyük beşlik” ölkələrində “dağı dağ üstə qoymuş” hansısa futbolçu yoxdur. Yalnız 2020-22 mövsümündə “Milan”da çıxış edən və sonradan “Ayntraxt”a keçən norveçli cinah hücumçusu Yens-Petter Haugeni ön plana çəkmək olar. Bu oyunçu hələ də “Ayntraxt”a məxsusdur və hazırda icarə əsasında “Gent”də çıxış edir.

Fevraldakı oyun ərəfəsində bu komandanın heyətini və taktikasını təhlil edəcəyik. Hələlik, tarixə baş vurmaqla kifayətlənməli olduq.

ABBAS

Shares: