2013-2015-ci illərdə Azərbaycanda “Simurq”un formasını geyinən, hazırda isə karyerasını Özbəkistan klubu “Paxtakor”da davam etdirən 35 yaşlı serbiyalı hücumçu Draqan Çeranın futbolinfo.az saytına müsahibəsi
– İşləriniz necə gedir?
– İndiyə qədər hər şey qaydasındadır. Həyat öz axarı ilə davam edir.
– Azərbaycanda keçirdiyiniz dövrü necə xatırlayırsınız?
– 2013-2015-ci illərdə orada yaşadım. Azərbaycanda həyatdan həzz aldım. Mənim üçün iki gözəl il alındı.
– Darıxırsınız?
– Həqiqətən də Azərbaycan üçün çox darıxıram. Xüsusən də “Simurq”da birgə çıxış etdiyim komanda yoldaşlarımın hamısından ötrü. Hətta onlardan bir neçəsi ilə hələ də əlaqə saxlayıb, hal-əhval tuturuq.
– Bəs ölkəmizdə ən çox nəyi bəyənmədiniz?
– Nəyisə xüsusi vurğulaya bilmərəm. Bəlkə səfərləri və pis yolları qeyd etmək olar. Ancaq bunlar sadəcə, kiçik xoşagəlməzlikdir.
– Ötən illər ərzində karyeranızı yenidən burada davam etdirmək imkanınız olmayıb?
– Orada kiçik əlaqələrim var. Hansısa formada xırda söhbətlər aparılıb. Amma heç vaxt ciddi bir şey olmayıb.
– Çempionatımızı izləyirsiniz?
– Bəli, izləyirəm. Ancaq müntəzəm diqqətdə saxladığımı deyə bilmərəm. İmkan düşdükcə baxıram.
– Serbiya, Belçika, İsrail, Səudiyyə Ərəbistanı, Şimali Makedoniya və Özbəkistanda oynamısınız. Azərbaycan çempionatının səviyyəsi onlardan hansının liqasına yaxındır?
– Əslində, bu çempionatların hamısı bir-birindən fərqlənir. Amma məncə, Azərbaycanda futbol Avropadan çox Özbəkistan liqasına yaxındır. Bu iki liqa arasında bənzərliklər var.
– “Simurq”da keçirdiyiniz 2 il sizə nə qazandırdı?
– “Simurq”da çox yaxşı iki mövsüm keçirdim. Azərbaycan karyeram həyatıma yeni təcrübə və bəzi yaxşı dostlar gətirdi.
– Hücumçu kimi Azərbaycanda sizə ən çox çətinlik yaradan müdafiəçi kim olub?
– Orada yaxşı müdafiəçilər var idi. Onlardan birini fərqləndirərdim. Bu, həmin vaxt “Bakı”nın formasını geyinən oyunçu idi. Düzü, adı yadımda deyil, amma ispaniyalı olduğunu bilirəm.
– Adətən bura gələn əcnəbilər Bakını arzulayırlar. Zaqatalada yaşamaq çətin deyildi?
– Xeyr, heç bir çətinliyi yox idi. Orada yaxşı dönəm keçirdim. Əla kollektivimiz var idi. Məşqlərdən əvvəl birlikdə vaxt keçirirdik. Zaqatalanın dağları, təmiz havası çox xoşuma gəlirdi.
– Sizdən Azərbaycan haqda soruşanda nə deyirsiniz?
– Əlbəttə ki, orada gördüyüm gözəlliklərdən danışıram. Azərbaycanda iki möhtəşəm ilim oldu və zövq aldım. Mənə daim dəstək və hörmət göstərdiyi üçün Azərbaycan xalqına minnətdaram.
CAVAD