“Meydanda hər şeyimizi verdik. Bütün oyunu ağılla keçirdik” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu İsnik Alimi deyib.

O, Azərbaycan Kubokunun ¼ final mərhələsində “Qarabağ”la səfərdə heç-heçə (2:2) etdikləri matçdan danışıb: “Bəzən qalib gəlirsən, bəzən uduzursan, amma öz oyununu oynamaq vacibdir. Fikrimcə, komandada heç kim bu nəticəni gözləmirdi. Mən də gözləmirdim ki, bu cür olsun”.

Alimi cavab matçından da söz açıb: “Çox çətin oyun olacaq, nəticəsini əvvəlcədən deyə bilmərəm. Amma ilk dəqiqədən sona qədər mübarizə aparacağıq. Və bundan sonra nəticəsini görəcəyik. “Qarabağ” favoritdir, amma dünənki kimi oynasaq, 90 dəqiqə ərzində hər şey ola bilər”.

“Əgər “Qarabağ”ı keçsəniz, kuboku qazanmaq şansı yarana bilərmi” sualına yarımmüdafiəçi bu cür cavab verib: “Əvvəlcə, cavab matçı haqqında düşünürük. Orda qalib gəlsək, növbəti mərhələyə adlasaq, bunu düşünmək olar. Hələ qarşıda onlarla bir çempionat matçı da var”.

Təcrübəli futbolçu qarşıdakı çempionat, yoxsa kubok matçının vacib olması ilə bağlı verilən sualı da cavablandırıb: “Düşünürəm ki, indi kubok daha önəmlidir, çünki bir oyundur. Çempionatda hədəfə çatmaq üçün çox oyunumuz var, amma bu o demək deyil ki, biz oynamamalıyıq və ya 2 oyunda hər şeyi verəcəyik. Meydana girib qalib gəlməyə çalışacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp