Zambiya millisinin sabiq futbolçusu Filemon Mulala itlərinin qurbanı olub. Bu barədə BBC məlumat yayıb.
Futbolinfo.az xəbər verir ki, 60 yaşlı Mulalanın meyiti yanvarın 7-də Lixtenburqda (CAR) öz həyətinin bağçasında tapılıb. Onun yoldaşı Filemonun öldüyünü görən kimi təcili yardım çağırıb və həkimlər Mulalanın yerindəcə öldüyünü elan ediblər.
Polisin məlumatına görə, Mulala itlərindən aldığı xəsarətlər nəticəsində ölüb. Heyvanlar xüsusi müəssisələrə göndərilib. Qadın əvvəlcə itlərin hürməsinə əhəmiyyət verməyib, çünki onların evi gur küçədə yerləşir və itlərin hürməsi adi haldır.
İtlərin aqressiv cinsə aid olduğu qeyd edilir. Mulala Zambiya millisində 6 oyun keçirib və 3 qol vurub. O, ölkəsinin və Cənubi Afrika Respublikasının klublarında çıxış edib.