Hər transfer pəncərəsində klub dəyişməyə vərdiş edən daha bir futbolçu “Neftçi”yə keçmək üzrədir. Bakılılar bu dəfə seneqallı yarımmüdafiəçi ilə anlaşmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, İspaniya vətəndaşı olan 25 yaşlı Pape Şeyx Diop “Neftçi”yə təklif olunub, hazırda danışıqlar gedir. Oyunçunun azad agent olması “ağ-qaralar”ın işinə yarayır, lakin maliyyə məsələlərində razılıq lazımdır.

Əslində, Papenin karyerası yaxşı klublara bağlı olub. “Selta”, “Lion”, “Dijon” kimi komandalarda oynaması yarımmüdafiəçinin istedadlı olmasından xəbər verir. Lakin onun heç bir yerdə möhkəmlənməməsi suallar doğurur.

La Liqada 38, Liqa 1-də 34 oyuna çıxan Diop, peşəkar karyerası ərzində 141 matçda 5 qol vurub. “Selta”nın yetirməsi 2017-ci ilə “Lion”a keçib və 5 il bu klubun üzvü olub. Fransada iki mövsüm keçirdikdən sonra viqolulara icarəyə verilən Şeyx, bir ildən sonra geri dönüb, bu dəfə “Dijon”a göndərilib. 2020/21 mövsümündə bu klubda keçirən Pape “Lion”a döndükdən bir il sonra “Aris”ə göndərilib. Lakin bu dəfə – 2022-ci ilin yayında Saloniki klubuna azad agent kimi yollanıb, cari ilin əvvəlindən isə işsizdir.

Yunanıstanda 10 matça çıxan və cəmi 336 dəqiqə oynamaq imkanı qazanan futbolçu hazırda boşdadır. Vaxtilə 10 milyon avro transfer qiyməti olan Papenin heç kimə lazım olmamasının səbəbi bəlli deyil. “Neftçi” bu futbolçunu hərtərəfli araşdırmalı, daha sonra qərar verməlidir. “Lion”a hər futbolçu transfer olunmur, lakin Şeyxin özünü doğrulda bilməməsi, hər il klub dəyişməsi də nəzərə alınmalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp