“Neftçi” tezliklə yeni transferini açıqlayacaq. Gözlənildiyi kimi, bakılılar heyətini braziliyalı futbolçu ilə gücləndirəcək.
Artıq ölkə mətbuatında bu futbolçu ilə bağlı xəbərləri oxumusuz. “Neftçi” rəsmiləri də danışıqların getdiyini, keçidin yaxın zamanda reallaşmasının mümkün olduğunu klub televiziyasına açıqlamasıda təsdiqləyib. Az öncə isə bəlli oldu ki, oyunçu ilə bütün məsələlərdə razılaşma əldə edilib və o, yaxın saatlarda Bakıda olacaq.
Söhbət son 6 ayı icarə əsasında Çin Super Liqasında çıxış edən “Çendu Tsyanbao” klubunda keçirən braziliyalı hücumçu Mateus Saldanyadan gedir. 24 yaşlı forvardı almaq istəyən paytaxt təmsilçisi onun müqavilə ilə məxsus olduğu Yaponiyanın “Çiba” komandası ilə danışıqlar aparıb.
Bakılılar forvardı 1,5 illik icarəyə götürüb. Anlaşmaya əsasən, paytaxt təmsilçisi braziliyalını 1 ildən sonra birdəfəlik transfer etmək haqqına sahibdir. Futbolçu etimadı doğrultsa, onun üçün yaponlara 100 min avroyadək təzminat ödəniləcək.
“Santos” klubunun yetirməsi olan Mateus ölkəsində “Bahiya” və “Audaks” komandalarının da formasını geyinib. O, karyerası ərzində 96 oyuna cəmi 11 qol vurub ki, bu da hücumçu üçün yaxşı göstərisi sayılmır. Klubunun hücumçunu icarədən icarəyə göndərməsi də maraqlı məqamdır.
Xatırladaq ki, “Neftçi” qış transfer pəncərəsində müdafiəçi Höccət Haqverdi və fransalı yarımmüdafiəçi Kilan Lebonu heyətinə qatıb.