Misli Premyer Liqasında komanda sayının artırılması artıq müsbət nəticələrini verir. Bölgələrə böyük futbolun qayıdışı, çempionatda rəqabətin artması bir yana, yeni adların üzə çıxması da qeyd edilməlidir. İllərdir bizi 8 komandalı yarışa məhkum edən AFFA sayı 10-a çatdırmaqla ortaya çıxan bu mənzərəyə görə utanmalıdır.

Konkret adlar çəkmək lazımdırsa, “Şamaxı”, “Kəpəz” və “Turan Tovuz”un heyətinə nəzər salmaq kifayətdir. Bu bölgə komandaları karyerası bitmək üzrə olan bir sıra futbolçuları yenidən meydanlara qaytardı, eləcə də yeni gənclərin üzə çıxmasına töhfə verdi. Digər klublarda da oxşar nümunələr var, lakin sözügedən bölgə təmsilçilərində vəziyyət daha yaxşıdır.

Məsələn, “Şamaxı” olmasaydı, Bahadur Həziyev, Elvin Məmmədov, Elçin Rəhimli, Amil Yunanov, Kamal Mirzəyev və Rəşad Əzizli indi ya karyerasını bitirmişdi, ya hansısa klubda ehtiyatda gün keçirirdi, ya da qumarın tüğyan etdiyi Divizion klublarında oynayırdı. Amma onlar Premyer Liqada qalıb özlərini inkişaf etdirmək şansı qazandı. Təsadüfi deyil, artıq Rəşada daimi əvəzedici gözüylə baxılmır, o, “Şamaxı”nın liderinə çevrilib. Bahadur da əzmkar oyunu ilə daha güclü komandaları diqqətini çəkib.

“Şamaxı” daha çox gənclərin özünü göstərdiyi kluba çevrilib. Cəlal Hüseynov bura gəlməsəydi, “Zirə”də ehtiyatda qalacaq, inkişafı dayanacaqdı. İndi isə o, səhv edə-edə püxtələşr, daim oynayır. Nihad Quliyev, Rəhman Daşdəmirov, Fuad Bayramov, Rauf Hüseynli, Arsen Ağcabəyov, Elçin Mustafayev, Emin Zamanov, Qurban Səfərov, Kamran Quliyev, Emil Qasımov və başqaları bu gün start heyətdə oynayırsa, buna görə Premyer Liqada komanda sayının artmasına, fərqli strategiya seçən klubun varlığına minnətdar olmalıdılar. Bu futbolçuların içində hətta milli məşqçilərinin diqqətini çəkənlər var.

Bəli, adlarını sadaladıqlarımızın əksəriyyəti icarədədir. Lakin “Sabah”, “Qarabağ”, “Neftçi”, “Zirə” bu gün futbolçularının inkişafını təmin etmək üçün Premyer Liqa komandası tapa biliblər. “Şamaxı” olmasaydı, sözügedən futbolçular əvəzedici heyətdə çürüyəcək, yerində sayacaq və iradəsi möhkəm olmayanlar karyerasını bitirəcəkdi. Beləcə sağlamlığı təmin etmək üçün var olan idman haqsız rəqabət, işin düzgün təşkil olunmaması üzündən onların həyatının tar-mar olmasına səbəb olan məşğuliyyət kimi xatırlanacaqdı.

1628415156 4 - Futbolinfo.az

“Kəpəz”in Premyer Liqaya qayıtması da bir çox gənclər üçün özünü göstərmək imkanı yaratdı. Mahir Həsənov, Zamiq Əliyev, Elçin Əlicanov, Fərid Nəbiyev, Samir Məhərrəmli və başqaları bu gün Gəncə klubunun heyətində Premyer Liqa matçına çıxırsa, səbəb komanda sayının artmasıdır. “Kəpəz” Divizionda qalsaydı, bu oyunçuların böyük əksəriyyəti potensialını açmaq imkanı qazanmayacaqdı. Halbuki indi Qərb təmsilçisində Zamiq kimi istedadlı müdafiəçi parlayır, Fərid nəhayət, özünü sübut etmək fürsəti tapıb.

“Xəzər Lənkəran” dağılandan bəri oynamağa komanda tapmayan Orxan Sadıqlının özünə gəlməsində, hamının üz döndərdiyi Yusif Nəbiyevin kapitanlığa kimi yüksəlməsində, bir ara parlaq oyun sərgiləyən Nicat Süleymanovun yenidən üzə çıxmasında məhz bu amil rol oynadı.

“Turan Tovuz”in Premyer Liqada komanda sayının artması üzündən elitaya qayıtması da bir çox futbolçuların həyatını dəyişdi. Bu komanda olmasaydı, Ehtiram Şahverdiyev, Eltun Turabov, Sadiq Quliyev, Kamal Bayramov və başqaları bəlkə da karyerasını erkən bitirəcəkdi. Necə ki, vaxtilə Lissabon “Sportinq”inə gedib çıxan Budaq Nəsirov karyerasında eniş yaşanan kimi məhz oynamağa komanda tapa bilmədiyi üçün karyerasını erkən başa vurdu, indi ofsiant işləyir.

Tərlan Əhmədli, Səbayıl Bağırov, Şakir Seyidov, Veysəl Rzayev, Turan Vəlizadə yenidən Azərbaycan futboluna qazandırılırsa, bu, komanda sayının artması ilə bağlıdır. Ayxan Quseynov, Vüsal Məsimov, Faiq Hacıyev kimi istedadlar da rəqabətə qatılmaq, oynamaq fürsəti qazanmaq arzusunu reallaşdırıb.

Azərbaycan istedadlar ölkəsidir. Futbolda da kasad deyilik, sadəcə, yaradılan şəraitə uyğun nəticə görürük. Premyer Liqada komanda sayı 12, 14, 16 olsa, o zaman daha ciddi nəticələr üzə çıxacaq. Xüsusilə bölgə komandaları artırılsa, milli komandalara namizədlərin sayı da çoxalacaq, real rəqabət mühiti yeni futbolçuların yetişməsinə şərait yaradacaq. Gənclərin inkişafı üçün illərdi tələb etdiyimiz rəqabət şəraitini, özünü göstərmək fürsətini yaratmaq lazımdır.

Ümumiyyətlə, Azərbaycan futbolunda anormal idarəçilik var, illərdi sistemsizlik hökm sürür. Əslində, problem də elə bundadır. Uşaq futbolunda durum bərbaddır, yaxşı mütəxəssislərimiz azdır, onların yetişdirilməsi üçün ciddi işlər görülməyib. Amma tamamilə yox da deyil, müəyyən insanlar var ki, onların səyi nəticəsində istedadlar yetişir. Di gəl ki, həmin sistemsizlik üzündən uşaq futbolundan peşəkar karyeraya keçidi təmin etmək olmur, gənc istedadları göz görə-görə məhv edirik.

1516261295 img 5140 - Futbolinfo.az

Azərbaycanda bütün yaş qrupları üzrə yarışlar təşkil olunur, müxtəlif liqalar var. Onlar illər ərzində daha yüksək yaş qruplarına keçid edib ən son həddə kimi gəlirlər. Lakin peşəkar futbolla məşğul olmaq lazım gələndə… klub tapa bilmirlər.

Təsəvvür edin, hər il kiçik yaş qruplarının son pilləsinə çatan 200-300 futbolçu “məzun olur”. Onların uşaq liqalarında missiyası bitir və böyük futbola keçid etmələri lazımdır. Amma illərdir Azərbaycan Premyer Liqasında cəmi 8 komanda olub, orada da əsas heyəti ya legionerlər, ya da milliləşənlər zəbt edib. Belədə 200-300 gəncin 10-15 faizi əvəzedici komandalara və Birinci Divizion klublarına, 2-3-ü elita təmsilçilərinə yönəlib, qalanları isə təəssüf ki, karyerasını bitirib. Çünki illərdi hazırlanan kadrları iş yerləri ilə təmin etmək mümkün olmur və böyük hissəsi təhsildən də uzaq düşən gənclər idmançı karyerasını davam etdirməyincə boşluğa yuvarlanır. Onlar istər-istəməz pis vərdişlərə yönəlir, gələcəyin cinayətkarlarına çevrilirlər. Təhsil yoxdursa, sağlam həyat yoxdursa, onlara başqa seçim imkanı qoymuruq.

maxresdefault 1 - Futbolinfo.az

Məhz bu səbəblərdən uşaq liqalarındakı kütləviliyə uyğun Premyer Liqamız, Birinci, hətta İkinci Divizionumuz olmalıdır, peşəkar komanda sayı artırılmalıdır. AFFA sayı 10-a çatdırmaqla işini bitmiş saymamalıdır, bölgələrdə yeni klublar yaradılmalı, işlək sistem-mexanizm hazırlanmalıdır. Yazının girişində sadaladığımız adların siyahısını artırmaq istəyiriksə, milli komandalara yeni namizədlər üzə çıxarmaq niyyəti varsa, bu, vacibdir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp