Bu gün Yunanıstan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilməli olan “Olimpiakos”la AEK arasındakı cavab oyunu təxirə salınıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Yunanıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb. Buna görə ölkə ərazisində üç günlük matəm elan olunub. Federasiya da həm bu gün, həm də qarşıdakı iki günə planlaşdırılmış bütün oyunların təxirə salınmasına qərar verib. Təxirə salınmış oyunların nə vaxt keçiriləcəyinə daha sonra aydınlıq gələcək.
“Olimpiakos” – AEK oyununa azərbaycanlı FİFA referisi Əliyar Ağayev təyinat almışdı. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəkdilər. Elçin Məsiyev isə VAR-da iş başında olacaqdı. Matç Bakı vaxtı ilə saat 22:00-da başlamalı idi.
Bu komandalar arasındakı ilk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlmişdi.