“Neftçi”nin braziliyalı hücumçusu Mateus Saldanya futbolinfo.az saytına müsahibə verib. O, son turda “Şamaxı” ilə matçın çətin keçməsindən, uyğunlaşma dövründən və gələcək karyerasından danışıb.

– Çox çətin və gərgin oyun idi. Meydançaya görə də oyun dəyişir. Süni örtüklü meydançada oynamaq fərqlidir. Amma qələbə qazanmaq əsas məqsəd idi. Məhz biz qalib gəldik.

– Rəqib baş məşqçisi oyundan sonra dedi ki, ədalətli nəticə heç-heçə olardı…

– Yox, bununla razılaşmıram. Düzdür, onların çoxlu qol imkanları var idi. Amma yararlana bilmədilər, biz isə istifadə etdik. Bacardıq və səfərdən 3 xalla qayıtdıq.

– Komanda ardıcıl 7 turdur ki, məğlubiyyət üzü görmür…

– Biz həmişə meydana qələbə üçün çıxırıq. Əsas məqsədimiz hər oyunda yaxşı çıxış edib qalib gəlməkdir. Bundan sonra da məqsədimiz və hədəfimiz eyni qalacaq. Çalışacağıq ki, qalibiyyətlərimizi sıralayaq.

– Azərbaycana sanki çox tez adaptasiya oldun. Bunun səbəbi nədir?

– Komanda yoldaşlarım və bütün klub heyəti mənə uyğunlaşmaqda kömək etdi. Düzdür, indi də bu proses davam edir və adaptasiya gedir. Lakin özümü çox yaxşı hiss edirəm.

– Qarşıda “Kəpəz”lə ev oyunu var. Uğurlu seriya davam edəcək?

– Biz qalib gələ bilərik. Qazanmaq üçün hər şeyi edəcəyik.

– Mövsümün sona çatmasına az qalıb. Sən isə “Neftçi”də icarə əsasında çıxış edirsən. Xəbərlər var ki, klub sənin transfer hüququnu almaq istəyir. Bu barədə danışıqlar gedir?

– Bu sualı kluba vermək lazımdır. Çünki burdakı proseslər məndən yox, klublardan asılı olan məsələlərdir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp