Sergey Milinkoviç-Saviçin taleyinə tezliklə aydınlıq gələcək. “Milan”ın, həmçinin bir sıra ingilis klubunun transfer etmək istədiyi serb yarımmüdafiəçi qarşıdakı günlərdə qərarını verəcək.

Futbolinfo.az xəbər verir ki, “Latsio” ilə müqaviləsi gələn yay bitəcək yarımmüdafiəçi məhz indi klubunu dəyişmək istəyir. Roma klubu rəhbərliyi də bunun əleyhinə deyil. Onlar yeni müqavilə imzalamaqdan imtina edən futbolçunu azad agent kimi itirməmək üçün yayda satmaq niyyətindədir. Sergeylə ya müqavilə müddəti uzadılacaq, ya da gələn təkliflərdən biri dəyərləndiriləcək.

“Latsio”nun direktoru İqli Tare xəbəri təsdiqləyib: “Vəziyyəti aydınlaşdırmaq üçün yaxınlarda futbolçu ilə görüşəcəyik. Hər şey ola bilər. Sergeyin başqa bir kluba satılması da mümkündür”.

Serbiya millisinin 28 yaşlı üzvü 8 ildir “Latsio”da oynayır. Belçika “Genk”indən 12 milyon avroya transfer edilən oyunçunun indiki dəyəri təqribən 60 milyon avrodur.

Shares: