“Roland Garros” turnirinə start verilir. Bu turnir mövsümdə torpaq kortlarda keçirilən yarışların zirvəsidir. Kənardan asan görünsə də , məhz bu cür örtuk tennisdə ən çətini sayılır. Səbəbini isə aşağıda izah edəcəyik.

Çətinliyini sübuta yetirən amillərdən biri olaraq burada dahi tennisçilərin titulsuz qalmasını qeyd edə bilərik. Boris Bekker, Pit Sampras kimi əfsanəvi tennisçilər Fransada çempion olmadan karyeralarını başa vurublar. Federer kimi dahi də yalnız Söderlinqin sensasiyası nəticəsində “Roland Garros”u qazanıb.

Torpaqda tennisin hard və otdan başlıca fərqi topun sürətinin o qədər də yüksək olmamasıdır. Burada bir xalı qazanmaq üçün daha çox zərbə vurmaq, daha çox hücum etmək lazımdır. Bunun üçün həm fiziki, həm də psixoloji cəhətdən güclü olmaq lazımdır. Torpaq kortlarda demək olar ki, servisdən sonra tora çıxmaq mümkün olmur. Bu da otda uğur qazananlar üçün ən böyük əngəldir. Bir çox ekspertlər məhz torpaq kortlarda qələbə qazanmağın daha çətin olduğunu və burada tennisçilərin gücünün daha ədalətli şəkildə müəyyənlədiyini vurğulayır.

Torpaq kortların hava şəraitindən asılı olduğunu da yaddan çıxarmamalıyıq. Digər örtüklərlə müqayisədə hava şəraiti topun qayıdış sürətinə ciddi şəkildə təsir edir. Məlum olduğu kimi, Parisdə də hava çox zaman dəyişkən olur. Topun korta dəyəndən sonra sürəti və qalxma hündürlüyü otla harddan ciddi şəkildə fərqlənir. 100 km/saat sürətlə hərəkət edən top torpaqla təmasdan sonra 57 km/saat sürətə malik olur. Otda bu göstərici 73, hardda isə 67 km/saatdır. 30 dərəcəlik bucaqla hərəkət edən topun qalxma bucağı 44 olur. Otda bu göstərici 36, hardda isə 41 dərəcə təşkil edir.

Göründüyü kimi, torpaqda hücum etmək çox çətindir və tennisçidən bir qədər səbr tələb edir. Digər kortlarla müqayisə etsək, daha bir vacib element topu fırladaraq vurmaqdır. Arsenalında belə zərbəsi olmayan tennisçi torpaqda qələbəni yalnız xəyal edə bilər. Daha bir vacib məqam tennisçinin hərəkəti ilə bağlıdır. Torpaqda hərəkətdən daha çox sürüşmək vacibdir. Burada sürüşməyi çox yaxşı bacarmalısan. Bu hərəkət sürətlə qaçmaq qədər önəmlidir.

dfbab360 2f32 4ba7 bbd3 7081e2de2529 - Futbolinfo.az

Son illərdə “Roland Garros”un təşkilatçıları oyunu daha intensiv etmək üçün örtüyü bir qədər sürətli ediblər. Bu amil Rafael Nadalın titul qazanmasına maneə ola bilməyib. İspan tennisçi burada 14 titulun sahibidir. Buvaxta qədər heç bir tennisçi bir “Böyük dəbilqə” turnirində bu sayda kubok qazanmayıb. Torpaqda qalib gəlmək üçün Nadalın bütün keyfiyyətləri mövcuddur. Ən başlıcası isə fiziki gücdür. Bu komponentdə Rafa həqiqətən də fenomenaldır. Onun buradakı statistikasına nəzər yetirsək, Paris azarkeşlərinin kimi itirdiyini təsəvvür etmək olar.

Rafa iştirak etdiyi 18 turnirdən 14-də çempion olub. Dünya tennis tarixində yalnız 2 nəfər ümumilikdə qazandığı BD-in sayına görə 14-ü keçə bilib. Bunlar Rojer Federer (20) və Novak Cokoviçdir (22). Nadal iştirak etdiyi ilk “Roland Garros”da qələbə qazanıb. Ondan sonra bunu təkrarlayan yoxdur. Ona qədər isə yalnız Mats Vilander bunu etməyi bacarıb. Nadal “Roland Garros”da keçirdiyi 115 oyundan yalnız 3-də məğlub olub. Bu məlubiyyətlərdən ikisi Cokoviç , biri isə Söderlinqlə oyunda olub. Bir turnirdə isə zədə səbəbilə oyuna çıxmayıb. Onun burada qələbə faizi 97,4-ə bərabərdir.

d9db11a5 d323 496a 9142 bf18fd4821e2 - Futbolinfo.az

İspan tennisçi bir setdə belə uduzmadan 4 dəfə çempion olub. Bu kişi tennisində bir rekorddur. Ümumilikdə, 90 oyunu o, quru hesabla bitirib. Bütün karyerası ərzində Parisdə yalnız 31 setdə məğlub olub. 115 oyundan yalnız 3-ü beş set davam edib. Onlarda da Nadal qalib gəlib. İki dəfə finallarda dünyanın bir nömrəsini (Federer, Cokoviç) setdə 6:0 məğlub edib. Bu da başqa bir unikal göstəricidir. İspan tennisçinin “Roland Garros”da rekordlarını saymaqla yekunlaşmaz. Əbəs yerə deyil ki, onun göstəricilərini burada kiminsə təkrar edə biləcəyinə heç kim inanmır.

Bu dəfə isə Nadal Fransada olmayacaq. Onun yoxluğunda digərləri şans əldə edib. Sözsüz ki, əsas favorit onun həmyerlıisi və hazırda dünyanın bir nömrəsi gənc Karlos Alkarasdır. “Yeni Nadal” ötən il ilk BD-ni qazanıb. US Opendən sonra “Roland Garros”da da siftə etməyin vaxtıdır. Onunla birlikdə digər bir favorit Novak Cokoviçdir. Veteran tennisçinin qarşısını almağa artıq püxtələşmiş gənclər çalışacaqlar. Onlar arasında Holger Rune, Kasper Ruud , Yannik Sinner və Lorenso Muzettini qeyd etməliyik.

Ehtimalları daah yaxşı etmək üçün turnirin püşkünə nəzər salmaq lazımdır. Turnir başlamazdan əvvəl hər kəs səbrsizliklə məhz püşkatma mərasimini gözləyir. Belə ki, məhz ondan sonra favoritlərin turnir yolu bilinir. Kişilərin püşkünə nəzər salsaq, bu il Avstraliyada olduğu kimi Novak Cokoviçin bəxtinin gətirmədiyini görə bilərik. Belə ki, finala qədər gedən yolda o mütləq Alkaras səddini aşmalıdır. Əlbəttə ki, əgər hər iki tennisçi ora qədər gəlib çıxa bilərsə.

Yarımfinala qədər Novak üçün əsas əngəl rusiyalı Andrey Rublyov ola bilər. Lakin onun da psixolji problemləri var. Novak isə belə rəqibləri özündən çıxartmağı çox gözəl bacarır. Karlos Alkarasın yarımfinalda rəqibi Stefanos Tsitsipas ola bilər. Digər tərəfdə isə vəziyyət fərqlidir. Oradan finala vəsiqə bir çox tennisçiyə qismət ola bilər. Heç şübhəsiz ki, əsas namizədlər Sinner, Rune, Medvedev və keçən ilki finalçı Kasper Ruuddur.

Qadınların püşkünə nəzər salsaq, əsas məsələ Rıbakinanın Svyontek tərəfə düşməsidir. Bu da belaruslu tennisçi Arina Sobolenkonun xeyrinədir.

İLQAR AĞAYEV

Shares: