Formula 1 üzrə daha bir mərhələ geridə qalıb. Daha doğrusu, Maks Ferstappen 3-cü çempionluğuna bir addım da yaxınlaşıb. Barselona qran-prisindən sonra məhz bunu əminliklə söyləmək olar.

Keçən yarışda təsnifatın son sektorunda göstərdiyi sürətlə niderlandlı sürücü əlçatmaz olduğunu nümayiş etdirmişdi. İspaniyada o, bunu bir daha sübuta yetirdi. Mövsüm ərzində Maks ən inamlı və ən rahat qələbəsini qazandı. Bir mərhələ ərzində nə etmək mümkündürsə , onların hamısını ikiqat dünya çempionu edə bildi. Şənbə günü təsnifat mərhələsində birinci olaraq poul qazandı, yarışda isə ilk dövrədən finiş xəttinə qədər liderlik etdi. Bundan başqa, sürətli dövrəni də aktivinə yazaraq karyerasında ikinci dəfə böyük dəbilqəyə imza atdı.

Maksın qalib olacağını dünənki sıralama turundan sonra söyləmək olardı. Lakin müəyyən qədər şübhə havanın sürpriz edə biləcəyinə görə qalırdı. Belə ki, şənbə günü F2 yarışında yağış yağdığına görə hadisələr gözlənilməz məcrada davam etmişdi. Sinoptiklərin məlumatına görə, F1-də də yarış zamanı yağış ehtimalı var idi. Lakin bu ehtimallar özünü doğrultmadı. Sürpriz olmadığına görə Maks rahat qələbə qazandı.

Onun qələbəsinin fonunda Serxio Peresin daha bir zəif çıxışı qeyd edilməlidir. Monakoda bərbad yarış keçirən meksikalı Barselonada təsnifatda final sessiyasına keçə bilməməklə sensasiyaya imza atdı. 11-ci yerdən yarışa start verən Serxionun podiuma qədər irəliləyəcəyi gözlənilirdi. Çünki bu il “Red Bull” pilotları düşdükləri belə vəziyyətlərdə yarışın ortalarına qədər hamını ötməyi bacarmışdılar. Maşının sürəti bunu etmək üçün gözəl imkanlar açır. Monakoda ötmə çətin olduğundan Peresdən orada bunu heç kim gözləmirdi. Lakin Barselona trassında ötmək asandır. Xüsusilə də “Red Bull”un DRS vasitəsilə çox güclü olduğunu nəzərə alsaq, Peresin podiuma qədər irəliləməsi böyük qəhrəmanlıq sayılmırdı. Lakin Serxio bunu etməyi bacarmadı.

Burada müəyyən qədər komandanın strategiyası da öz sözünü dedi. Bir pit-stoplu strategiya ilə bunu etməyin real olduğu görünürdü. Lakin strateqlər lazım olmayan anda planda dəyişikliklər etdilər. Bunun isə Peresə heç bir faydası dəymədi. Belə ki, həmin an əsas rəqib olan Corc Rassel artıq əlçatmaz idi.

Ümumiyyətlə, İspaniya qran-prisini “Mercedes” komandası üçün uğurlu saymaq lazımdır. Alman nəhənginin gətirdiyi yeniliklərin burada effektiv olacağı gözlənilirdi. Lakin bolidin birdən-birə bu qədər sürətli olacağını çoxları gözləmirdi. Barselona yarışından sonra məhz onları “Red Bull”a əsas rəqib saymaq lazımdır.

Dünən hər iki pilotun podiuma çıxmasından sonra komanda mühəndislər kubokunda “Aston Martin”i qabaqladı. Yalnız Fernando Alonsonun xalları ilə yüksək sıralarda yer tutan Lourens Strollun komandasında bu dəfə oğlu da xal qazandı. Hətta mövsümdə ilk dəfə Alonsodan yüksək yerdə qərarlaşdı. Doğrudur, yarışın sonlarında ispan pilot rahatlıqla onu ötə bilərdi. Lakin Alonso nə komanda yoldaşını, nə də sahibini kədərləndirmədi.

“Ferrari”də isə heç nə yaxşı getmir. Bu mərhələdə Karlos Sayns doğma azarkeşlər önündə 5-ci oldu. Şarl Lekler isə xal zonasından kənarda qaldı.

114e9768 8b54 4bff 88c9 a4fd9fe78f03 - Futbolinfo.az

Barselona qran-prisində Formula 1-də hər zaman olduğu kimi çoxlu sayda ulduzu görmək mümkün oldu. Təsnifat mərhələsində Robert Levandovski və tennisçi Daniil Medvedev “Ferrari”nin boksundaydı. Yarışda isə Neymarı və İspaniyanın əfsanəvi basketbolçusu Pol Qazol VİP zonadaydı. Onlardan başqa məşhur müğənni və birzamanlar bu şəhərdə gəlin olan Şakira da operatorların obyektivinə tuş gəldi.

79c9da16 4e0e 4d00 8e31 a03f7f04b21e - Futbolinfo.az

7 mərhələdən sonra çempionatda 5 qələbə qazanan Maks Ferstappen 170 xalla liderdir. Onun komanda yoldaşı Serxio Peresin 117, Fernando Alonsonun isə 99 xalı var. Bu yarışda uğurla çıxış edən Lüis Həmilton 87 xala malikdir.

Komandaların çempionatında “Red Bull” 287, “Mercedes” 152, “Aston Martin” 134 , “Ferrari” isə 100 xal toplayıb. Mövsümün 8-ci yarışı iki həftə sonra Kanadada təşkil ediləcək.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp