Azərbaycanda 2019-2021-ci illərdə “Qəbələ”nin, 2021-2022 mövsümündə isə “Şamaxı”nın formasını geyinmiş gürcüstanlı yarımmüdafiəçi Merab Qiqaurinin futbolinfo.az saytına müsahibəsi
– Kutaisi “Torpedo”sunda işləriniz necə gedir?
– Açığı, ürəyim istəyən kimi getdiyini desəm, yalan olar. Çünki çempionatın ilk dövrəsindəki nəticələrimiz istədiyimiz kimi olmadı.
– Buna baxmayaraq, gələn ay Konfrans Liqasında mübarizə aparacaqsınız…
– Bəli, birinci mərhələdən başlayacağıq. İnanıram ki, avrokuboklarda uğurlu çıxış edə bilərik.
– II raundda hətta “Neftçi”yə rəqib ola bilərsiniz. Rəqib kimi Bakıya gəlmək istərdiniz?
– İndidən iddialı danışmaq istəmirəm. Çünki hələ birinci mərhələni keçməliyik. Ondan sonra rəqibin kimliyi barədə düşünmək olar. Azərbaycana gəlmək maraqlı olardı. Ancaq dediyim kimi, əvvəlcə ilk maneəni keçmək lazımdır.
– Ötən ilin yayında “Şamaxı”dan ayrıldıqdan sonra niyə Gürcüstana qayıtdınız. Azərbaycandan başqa təklifiniz olmadı?
– Var idi, Premyer Liqanın digər komandalarından birinə keçə bilərdim. Ancaq Gürcüstana qayıtmaq variantı daha cəlbedici gəldi. Buna görə də “Torpedo” ilə anlaşdım.
– “Torpedo” Azərbaycan klublarından daha çox maaş təklif etmişdi?
– Bu qərarımda maliyyənin rolu olmadı. Maddi şərtlər oradakı ilə təxminən bərabərdir. Azərbaycanda olduğum müddət ərzində özümü çox rahat hiss edirdim. Ancaq iş elə gətirdi ki, bura qayıtmalı oldum.
– Keçmiş komandalarınız “Qəbələ” və “Şamaxı”nın başa çatan mövsümdəki nəticələrinizdən xəbəriniz var?
– Əlbəttə. “Qəbələ” çox uğurlu mövsüm keçirdi. Məncə, çempionatda dördüncü yeri tutmaq onlar üçün yüksək nəticədir. Üstəlik, ölkə kubokunu da qazandılar. Bu, orada aparılan strategiyanın düzgün olduğunu göstərir. Təəssüf ki, “Şamaxı” sonuncu yeri tutdu. Ancaq onları da başa düşmək olar. Yeni rəhbərlik var, bütünlüklə yerli futbolçulardan ibarət komandadır. Keçən il oradan ayrılmağımın əsas səbəbi də yerlilərlə davam etmək qərarı almaları oldu. Ümid edirəm ki, onların bu layihəsi zaman keçdikcə uğurlu olar.
– Bu nəticələrə baxanda demirsiniz ki, kaş “Qəbələ”yə qalaydım?
– Xeyr. Həmin vaxtkı şərtlər “Qəbələ”də qalmağım üçün əlverişli olmadı. Klub qalmağımı istəyirdi, sadəcə, razılığa gələ bilmədik. “Qəbələ”nin kuboku qazanması ilə çox şey itirmədim. Çünki mən də “Torpedo” ilə Gürcüstan Kubokunun qalibi oldum.
– Gürcüstan çempionatı ilə Azərbaycan Premyer Liqası arasında nə kimi fərqlər var?
– Əslində elə böyük fərq yoxdur. Məncə, yeganə fərq Azərbaycanda “Qarabağ” kimi çox güclü komandanın olmasıdır. Ümumilikdə çempionatların səviyyəsi eynidir və getdikcə də inkişaf edir.
– Yenidən Azərbaycana qayıtmaq variantına necə baxırsınız?
– Futbolda hər şey mümkündür. Düzü, Azərbaycandan tez-tez mənimlə maraqlananlar olur. Orada olduğum illər mənə çox şey qazandırdı. Bir növ özümü əcnəbi saymırdım, məni özlərindən biri kimi görürdülər. Maraqlı təklif olsa, bu barədə düşünə bilərəm.
FƏRİD