Son vaxtlar dünyada irqçilik və digər bu qəbildən olan fikirlərə qarşı ciddi mübarizə gedir. Bir neçə il əvvəl ABŞ-də qaradərilinin polis tərəfindən öldürülməsi indi də idmanda yad edilir. Xüsusilə də bunu ABŞ-nin özündə və Böyük Britaniyaya aidiyyəti olan idman yarışları və idmançılarda müşahidə etmək mümkündür.

ABŞ-nin özündə ölkənin tarixinin bir hissəsi olan quldarlıq dövrünü və hindu tayfalarını xatırladan adlardan tədricən qurtulmağa çalışırlar. Okeanın o tayında keçirilən yarışların bəziləri tribunadan səslənən irqçi söz və şüarlara görə vaxtından əvvəl dayandırılır. Burada təhqir olunan idmançıların reaksiyası və sakit durmayaraq mübarizə aparması diqqətçəkən məqamlardandır.

Belə halları təkcə ABŞ-də deyil, Avropada da müşahidə etmək mümkündür. Misal üçün, Vinisiusun başına gələnləri söyləmək olar. Madrid “Real”ının ulduzuna qarşı İspaniyada rəqib komanda azarkeşlərinin siyasəti futbolçunu ağlamaq dərəcəsinə gətirib çatdırır. Məsələ o qədər böyüyüb ki, artıq nəinki ölkəsi Braziliyada, bütün dünyada ona dəstək verilən addımlar atılır. Bəziləri onun “Real”ı tərk edərək digər ölkəyə getməsini münasib sayır. Amma bu, futbolçunun məğlub olması anlamına gələcək və həmin şüarları səsləndirənlərin iyrənc əqidələrinin qələbəsi olacaq.

Sözsüz ki, belə halların baş verdiyi ölkələrdə mübarizə müxtəlif olur. Yeni yayılan xəbərə görə isə İtaliyada maraqlı qərar qəbul ediblər. Bundan sonra nasizmi və digər siyasi hərəkatları dəstəkləmək yasaq olacaq. Bunun üçün İtaliya Futbol Federasiyasının ilk addımı 88 nömrəli formanı qadağan etmək olub. Radikal fikirli gənclər arasında 88 nasist salamlaşması ilə assosasiya edilir. Belə bir nömrəyə futbolda çox az rast gəlmək olar. Bu formanı geyənlərin də fikri ötən əsrin ortalarında İtaliyanı ağuşuna alan ideolgiya yox, başqa səbəblər olur. Bəzi hallarda futbolçular öz doğum ilinə görə bu nömrəni seçirlər.

Təkcə 88 nömrənin qadağan edilməsi bir sıra suallar ortaya çıxarır. Niyə məhz 88, 14 və 18 yox? 14 və 18 də radiakllar arasında nasizmi təbliğ edən nömrələrdir və onlara futbolçuların formalarında daha tez-tez rast gəlmək olar.

serie a ban number 88 kit 4 - Futbolinfo.az

İtaliyada bu mənada ən çox irəli gedən “Lasio” klubudur. Mussolininin azarkeşlik etdiyi klubun tiffoziləri indi də tribunalrda faşist atributları nümayiş etdirir və şüarları səsləndirirlər. Azarkeşlər bir tərəfə, bəzi futbolçular da daha çox sevilmək üçün onlardan geri qalmamağa çalışırlar. Bu mənada Paolo Di Kanionun jestini yada salmaq kifayətdir.

Nəzərə almaq lazımdır ki, bəzi hallarda qadağa əks təsirə də malik olur. Nömrənin istifadəsini yasaqlamaq, əksinə, təbliğatı bir qədər də sürətləndirə bilər.

Son illərdə texnologiya futbolun bütün sahələrini əhatə edib. Müasir stadionlarda olan videomüşahidə qurğularından yayınmaq mümkün deyil. Belə kameraların sayəsində istənilən azarkeşin hərəkətinə nəzarət etmək olur. Federasiya bu yolla həmin azarkeşləri tapıb cəzalandırsa , təsiri daha yaxşı olar. İngiltərədə çoxdan bu metoddan istifadə edilir. Qanunları pozmuş azarkeş ömürlük stadiona gəlməkdən məhrum olur. Məhz bu üsul daha effektiv görünür. Nömrənin istifadədən çıxarılması hansısa futbolçunun hüquqlarının pozulması deməkdir. Əgər əlbəttə ki, həmin nömrə ilə nəvaxtsa klubun əfsanəsi çıxış etməyibsə…

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp