MBA-da basketbolçuların yeni müqavilələr imzalanmasına rəsmən start verilib. Bir gecə ərzində bir neçə böyük sözləşmə imzalanıb.

İlk növbədə Kayri İrvinqin “Dallas”la müqaviləsi diqqət çəkib. Məşhur basketbolçu fevral ayında “Maveriks”ə keçmişdi. 31 yaşlı müdafiəçi 5 illik yeni sözləşmə imzalamaq hüququna malik idi. Tərəflər yalnız 3 illik əməkdaşlığa imza atıblar. Buna görə İrvinq 126 milyon dollar qazanacaq.

Əlavə edək ki, Kayrinin gəlişindən sonra Dallas komandasının nəticələri yaxşılaşmaq əvəzinə, əksinə aşağıya doğru getmişdi. Texaslılar 11-ci yeri tutaraq pley-ofa da vəsiqə qazana bilməmişdilər. İrvinqin 20 oyun ərzində ortalama məhsuldarlığı 27 xal təşkil etmişdi.

“İndiana” və Tayriz Haliberton arasında maksimal müqavilə imzalanıb. 23 yaşlı pleymeyker 5 il ərzində 260 milyon dollar qazanacaq. Bu, “İndiana Peysers” klubunun tarixi ərzində ən böyük müqavilədir. Qarşıdakı mövsümdə Tayriz debütant kimi 5,8 milyon dollar alacaq. Növbəti ildən isə sözləşmənin digər hissəsi qüvvəyə minəcək.

Daha bir böyük müqavilə “Hyuston”la Fred Vanvlit arasında imzalanıb. Buna əsasən pleymeyker 3 il ərzində 130 milyon dollar alacaq. Xatırladaq ki, 29 yaşlı basketbolçu bütün karyerası ərzində “Toronto Reptors”un şərəfini qoruyub.

“Memfis” gənc ulduzlarından biri Desmond Beynlə sözləşməni artırıb. Yeni müqaviləyə əsasən Beynin 5 il ərzində qazancı 207 milyon dollar olacaq. Bundan əlavə, komanda veteran basketbolçu Derrek Rousu da heyətinə qatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp