Misli Premyer Liqasının iştirakçıları bu yay heyəti gücləndirmək üçün xeyli transfer edib. Klublar əsasən əcnəbilərə maraq göstərir. Bunun bir səbəbi legioner limitinin artırılmasıdırsa, digər məqam yerli oyunçu qıtlığıdır.
Vəziyyət o həddə çatıb ki, hətta yerli oyunçulardan xeyli ucuz qiymətə legioner transfer etmək olur. Amma büdcəni gərəksiz dağıdanlar da var. Güclənmə adı ilə say düzəldən komandalar göz önündədir.
Bu yay ölkəmizə 49 yeni legioner gəlib. Azərbaycan daxilində klubunu dəyişən əcnəbilər (Ruan Renato, Hamidu Keyta, Ahmed Ayzaya) bir yana, Premyer Liqada debüt edən məhz 49 əcnəbi var (yalnız Patrik Andrade ikinci dəfə gəlib – red.). Yarışda 10 komanda olduğunu nəzərə alsaq, bu, orta hesabla hərəyə 5 legioner deməkdir.
Maraqlıdır ki, çempion “Qarabağ”, avrokuboklarda da iştirakını nəzərə alsaq, ən çox legioner gətirən klub olmalıydı. Amma ağdamlılar “Kəpəz”lə birlikdə ən az güclənən komandadır. Əvəzində debütant “Araz-Naxçıvan” artıq 10 əcnəbiyə qucaq açıb. “Səbail” 7 nəfərlə 2-ci sıradadır.
“Qarabağ” – 2: Juninyo, Patrik Andrade.
“Sabah” – 4: Sofian Çakla, Jarl Marqarita, Vinsent Till, Maruan Hadudi.
“Neftçi” – 5: Yuri Matias, Mark Tamaşa, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Samuel Olanare.
“Qəbələ” – 4: Lukas Afriko, Gilad Avramov, Osama Xalayla, Bilel Auaşeriya.
“Zirə” – 4: Tiaqo Silva, Stefan Aka, Pyer Zebli, Salifu Suman.
“Turan Tovuz” – 5: Martin Detelinov Petkov, Bruno Qonçalves, Otto Con, Luis Henrike Paçu Lira, Alexandro Qarsiya Serrano.
“Sumqayıt” – 5: Erik Sorqa, Roi Kahat, İsa Suliman, Oktavio Manteka, Tresor Mossi.
“Kəpəz” – 2: Vladislav Vasilyuçek, Olavale Onanuqa.
“Səbail” – 7: Nir Bardea, Yadin Luqas, Valdemar Almeyda-Pana, Pedro Nuno, Aleksandr Ramalinqom, Adi Mehremiç, Anass Najah.
“Araz Naxçıvan” – 10: Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç, Numan Kurdiç, Muhammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike, Kristian Avram, Miço Kuzmanoviç, İqor Ribeyro.
Transfer pəncərəsinin bağlanmadığını nəzərə alsaq, bu siyahı bir qədər də genişlənəcək. “Araz-Naxçıvan” azı daha 3 futbolçu axtarır, “Neftçi”, “Qarabağ” və “Kəpəz” də yenilərin yolunu gözləyir. Konfrans Liqasındakı nəticəsindən asılı olaraq “Sabah” da heyətini gücləndirə bilər.
Ümumiyyətlə, komandalar yenili-köhnəli 96 legionerin xidmətindən yararlanır.
“Qarabağ” – 13
“Sabah” – 9
“Neftçi” – 10
“Qəbələ” – 10
“Zirə” – 13
“Turan Tovuz” – 10
“Sumqayıt” – 7
“Kəpəz” – 6
“Səbail” – 8
“Araz Naxçıvan” – 10 Beləliklə, hazırda Premyer Liqada 96 əcnəbi var və onların tən yarısı bu yay gələnlərdir. 40-a yaxın legionerin ölkəmizlə vidalaşdığını (“Səbail”lə “Sumqayıt” bu baxımdan liderdir) nəzərə alsaq, vəziyyətin ürəkaçan olmadığını qeyd etməliyik. Deməli, məqsəd təkcə güclənmək deyil, həm də adları dəyişməkdir.