Dünən Andrey Lunyevi heyətinə qatan “Qarabağ” daha bir futbolçu ilə güclənəcək. Avropa Liqasının pley-off mərhələsinə yüksələn ağdamlılar, ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin etdiyindən transferlərə davam edir. Komanda indi də cinah oyunçusu alır.

Futbolinfo.az xəbər verir ki, ölkə çempionu Matues de Barros da Silvanı Bakıya gətirir. Sağ cinah müdafiəçisi “Qarabağ”la müqavilənin bütün detallarını razılaşdırıb. Ağdam təmsilçisi ən qısa zamanda transfer haqda məlumatı yayacaq (sportinfo.az).

2017-ci ildə peşəkar futbolda ilk addımlarını atan braziliyalı vətənində “San Fransisko PA”nın şərəfini qoruyub, daha sonra “Paysanda” və “Bahia”nın uğurları üçün tər töküb. 2019-2020 mövsümündə Portuqaliya Sequndasında “Farense”nin, növbəti iki ildə bu ölkənin yüksək dəstəsində “Moreyrense”nin heyətində yer alan 25 yaşlı oyunçu ötən yaydan Plovdiv “Lokomotiv”indədir. Onun Bolqarıstan klubu ilə daha bir illik müqaviləsi qalır.

Marko Veşoviçin zədələnməsindən sonra sağ cinahda problem yaşayan “Qarabağ” həm də də yarımmüdafiədə oynamağı bacaran Mateusdan iki mövqedə istifadə edəcək. Plovdiv təmsilçisində meydana çıxdığı 38 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun indiyədək avrokubok həyəcanı yaşamadığını da qeyd edək.

Shares: