Azərbaycanda “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”in (hazırkı “Şamaxı”) formasını geyinmiş gürcüstanlı sabiq futbolçu Georgi Adamiyanın futbolinfo.az saytına müsahibəsi

– Sabiq komandanız “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Olimpiya”sını üstələməklə qrupda oynamaq şansı qazandı. Ağdam klubunun həm səfər, həm də Bakıdakı matçda sərgilədiyi oyun haqda nə deyə bilərsiniz?

– Səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunu canlı izlədim. “Qarabağ”ın Sloveniyada sərgilədiyi futbol çox xoşuma gəldi. Bütün komponentlərdə rəqibi üstələdilər və əla oyun göstərdilər. Bu, hesabda da öz əksini tapdı. Cavab qarşılaşmasını izləyə bilməsəm də, matçın icmalına baxdım. Bakıda “Qarabağ”ın üzərinə düşən iş hesabdakı üstünlüyünü qorumaq idi. 1:1 hesabı qrup mərhələsinə düşmək üçün bəs etdi və klub qarşısına qoyulan hədəfə çatdı. Bunu bacarıblarsa, deməli, “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyundakı çıxışını müsbət qiymətləndirmək olar.

– Bununla “Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində oynamaq şansı qazandı…

– Bu, “Qarabağ” və Azərbaycan üçün böyük uğurdur. Kiçik bir ölkənin futbol komandasının ardıcıl 10 il avrokubokların qrup mərhələsinə vəsiqə qazanması möhtəşəm nailiyyətdir. Üstəlik, nəzərə almaq lazımdır ki, “Qarabağ” bu müddətdə bir dəfə Çempionlar Liqasının qrupunda oynayıb. Avropada bunun həsrətində olan o qədər klub var ki.

– “Qarabağ” Avropa Liqasında “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hakken” (İsveç) klubları ilə eyni qrupda mübarizə aparacaq. Komandamızın qrupdan çıxmaq şansını necə dəyərləndirirsiniz?

– Asan qrup deyil. Hər biri çətin rəqibdir. Futbolla maraqlananlar bu komandalar haqda məlumata sahibdirlər, güclərini bilirlər. “Qarabağ” üçün asan olmayacaq. Bununla belə, qrupdan çıxmaq üçün əlindən gələni edəcəyinə, sona qədər vuruşacağına əminəm.

– “Qarabağ” Çempionlar Liqasında “Rakuv” səddini keçə bilmədiyinə görə sərt tənqidlərə məruz qalmışdı. Hətta həmin oyunlardan sonra Ağdam klubunun Avropa Liqasının da qrup mərhələsinə düşə bilməyəcəyini proqnozlaşdıranlar var idi…

– Çempionlar Liqasının qrup mərhələsinə düşməyi “Qarabağ”ın futbolçuları, məşqçilər korpusu və rəhbərliyindən çox heç kim istəyə bilməzdi. Ancaq bu, futboldur və belə alındı. Komanda “Rakuv” səddini keçə bilməsə də, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq şansı qalmışdı. “Qarabağ” da bu şansdan lazımınca yararlandı. Avropa Liqasının qrupuna düşmək də böyük uğurdur. Bu cür oyun sərgilədiyinə, hər il avrokubokların qrup mərhələsinə vəsiqə qazandığına görə, “Qarabağ”a əhsən düşür. Təbii ki, hamı “Qarabağ”ı tarixində ikinci dəfə Çempionlar Liqasının qrupunda görmək istəyirdi. Amma nə etmək olar? Əsas odur ki, Avropa turuna davam edirlər.

– “Qarabağ”a ünvanlanan tənqidlərin hədəfində qapıçı Şahruddin Məhəmmədəliyev də var idi. Avrokubok oyunlarında buraxılan kobud səhvlərdən sonra əksəriyyət “çərçivə”nin davamlı olaraq Şahruddinə həvalə edilməsini yanlış sayırdı. Nəhayət, “Olimpiya” ilə matçlarda baş məşqçi Qurban Qurbanov qapıda Luka Quqeşaşviliyə şans verdi. Siz də Qurbanovun həmyerlinizə daha çox şans verməli olduğunu düşünürsünüz?

– Azərbaycan mətbuatını izlədiyim üçün Şahruddinin çox tənqid olunduğunu, azarkeşlərin onun çıxışından razı qalmadığını bilirəm. Qurban Qurbanovun qapı xəttində dəyişiklik etməyə gecikdiyini düşünmürəm. Baş məşqçi “Olimpiya” ilə matçlarda dəyişikliyi etməyi lazım bildi. Fikrimcə, ən doğru məqamda Lukanı meydana buraxdı.

– Yeri gəlmişkən, həmyerlinizin “Olimpiya” ilə oyunlardakı çıxışından razı qaldınız?

– İlk oyunu canlı izlədiyim üçün deyə bilərəm ki, Quqeşaşvili həmin matçda çox yaxşı təsir bağışladı, bir neçə çətin epizodda komandasını qoldan xilas etdi. Cavab görüşündə də hər hansı kobud səhv buraxmadı. Deməli, hər iki görüşdə layiqli oyun göstərdi və komandasına Avroliqanın qrupuna düşməkdə kömək etdi. Bu da onu göstərir ki, Qurban Qurbanov ən doğru məqamda Quqeşaşviliyə şans verdi.

FƏRİD

Shares: