ABŞ-də keçirilən “Böyük dəbilqə” seriyalı turnirdə həlledici mərhələyə qədəm qoyulur. Bu gecə keçirilən oyunlardan sonra ¼ final cütlükləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, gecənin ən gözlənilməz nəticəsi Zverev – Sinner qarşılaşmasında qeydə alınıb. Almaniyalı tennisçi 5 set davam edən maraqlı oyunda italyan idmançını məğlubiyyətə uğradıb – 6:4, 3:6, 6:2, 4:6, 6:3.

Əslində, oyunun nəticəsini böyük sensasiya da adlandırmaq olmaz. Aleksandr Zverev zədəyə qədər dünyanın ən güclü 5 tennisçisindən biri idi. Lakin 1 ilə yaxın tennisdən kənarda qalması onu reytinq cədvəlində xeyli geriyə salmışdı. Məhz bu səbəbdən də Sinner turnirin püşkü zamanı seçilmişlər sırasında idi.

Rusiyalı tennisçi Daniil Medvedev avstraliyalı Aleks Di Minor üzərində qələbə qazanıb. Onun 1/4 finalda rəqibi həmyerlisi Andrey Rublyov olacaq. 3 setdə italyan Arnaldıni məğlub edən Alkaras isə Aleksandr Zverevlə qarşılaşacaq. Buvaxta qədər aralarında keçirilən 5 oyunun 3-də məhz almaniyalı tennisçi qələbə qazanıb. Karlos Alkaras isə bu qələbəylə ardıcıl 4-cü “Böyük dəbilqə” seriyalı turnirin  ¼ finalına vəsiqə əldə edib. 20 yaşlı tennisçi bu göstəriciyə görə yalnız əfsanəvi Byorn Borqdan geri qalır. İsveç tennisçi bu nailiyyətə 19 yaşında imza atmışdı.

Əlavə edək ki, ¼ finalın ilk iki oyunu bu gün keçiriləcək. Novak Cokoviç Teylor Fritslə qarşılaşacaq. Digər ¼ final oyununda iki ABŞ-li – Tiafo ilə Şelton qarşılaşacaq.

Shares: