AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Belçika yığması Bakıya yarımcan heyətlə gəlib.

Futbolinfo.az saytı yerli mətbuata istinadən xəbər verir ki, adıçəkilən komanda heyət baxımından son illərin ən çətin dövrünü keçirir. Uzun illər əsas heyət üzvü olan Eden Hazard, Vensan Kompani, Tobi Alderveyreld, Musa Dembele, Dris Mertens, Aksel Vitsel kimi ulduzlar artıq yığmada deyillər. Bu azmış kimi qapıçı Tibo Kurtua və yarımmüdafiəçi Kevin de Bruyne də zədə ucbatından millimizlə görüşü buraxacaqlar.

Baş məşqçi Domeniko Tedeskonun sərəncamında ulduzlardan yalnız müdafiəçi Yan Vertongen və hücumçu Romelu Lukaku qalıb. Onlar da əvvəlki formalarından uzaqdırlar. İtaliyalı mütəxəssisin Bakıya gətirdiyi heyətdəki oyunçulardan 15-i millinin heyətində 10-dan az matçda iştirak ediblər.

Yerli mütəxəssislər də komandanın düşdüyü durumla bağlı həyəcan təbili çalırlar. Onlar yığmalarının Azərbaycan önündə xal itirmək ehtimalının az olmadığını düşünürlər.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da başlayacaq.

Shares: