Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov millinin bombardiri olmasına imkan verilmədiyini bildirib. O, futbolinfo.az saytına açıqlamasında süni əngəllərlə üzləşdiyini deyib.

Cavadov yığmadakı qol sayını 11-ə çatdıran Emin Mahmudovun Qurban Qurbanova məxsus 14 qolluq rekordu qıracağına əmindir: “Üç oyuna üç qol vurmaq da mümkündür. Kiminsə bu məqsədi güddüyünə inanmıram. 31 yaşı olmasına baxmayaraq, Emin bundan sonra yığmada hələ çox oyun keçirəcək. Şans, istək öz yerindədir. Təki rekordu yeniləsin, milliyə xeyir versin. Çünki onun vurduğu hər qol milliyə köməkdir. Oyunların sayının çox olması mütləq müsbət təsirini göstərəcək. Yoldaşlıq görüşləri də tez-tez keçirildiyindən, Eminin rekordu yeniləmək şansı yüksəkdir”.

Vaqif özünün 9 qol həddində dayanmasının səbəbləri barədə üstüörtülü danışıb: “Sadəcə, mənə bu imkanı yaratmadılar. Karyeramın son illərində millidə oynamadım. Bəzi insanlar niyə çağırılmadığımı yaxşı bilirlər. Bu məsələyə qayıtmaq istəmirəm. 25 yaşımdan kənarda saxlanıldım, mən də 31-32 yaşıma kimi oynasaydım, 14 yox, ən azı 18-19 qol vurardım. Açığı, futbol oynadığım dövrdə rekord barədə düşünmürdüm. Karyeramı erkən yaşda bitirməli oldum. Mənə maneçilik törədənlər də biləcəklər ki, Azərbaycan futbolu yalnız onlardan ibarət deyil. Futbol azarkeş üçündür. Kimin rekord qırmasına çox önəm verməməliyik. Sadəcə, futbolumuza köklənməli, yeni simalar üzə çıxarmalıyıq ki, Azərbaycan millisi qrupda 1 yox, ən azı 10-12 xal toplaya bilsin”.

Shares: