“Milan”ın baş məşqçisi Stefano Pioli komandasının “Nyukasl”a qarşı sərgilədiyi oyundan məmnundur. İtaliyalı mütəxəssis matçın 0:0 başa çatmasına rəğmən, narazı deyil.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının ilk turundakı qarşılaşmadan sonra Pioli deyib: “Oyunun dəyərləndirilməsi çox asandır, çünki hər mənada rəqibdən üstün idik. Amma çoxsaylı qol fürsətlərindən yararlana bilmədik və xal itirdik. Oyun baxımından narazı qalmaq üçün əsasım yoxdur, planladıqlarımızı reallaşdırdıq, xeyli qol epizodu yaratdıq. Buna rəğmən hesabı aça bilməməyimiz üzücüdür. Çox güçlü rəqibi oyun baxımından tamamilə üstələmişdik”.

Pioli epzodları da şərh edib: “Rafael Leaonun şansı daha real idi. Dabanla zərbə əvəzinə çevrilib daha düzgün vuruş yerinə yetirə bilərdi. Olivye Jiru da epizodda daha soyuqqanlı ola bilərdi. Komanda və azarkeşlər qələbəni haqq edirdi, lakin bəzən üstünlüyü qələbəyə çevirə bilməmək faktı da olur. Məni alqışlayanlara təşəkkür edir, tənqidçilərə anlayış göstərirəm”.

Təcrübəli mütəxəssis qapıçı Mik Menyanın əvəzlənməsinə də izah verib: “Menyan özünü narahat hiss etdiyi üçün əvəzləndi. Amma oyundan sonra ciddi bir şey olmadığını bildirdi, ona inanıram. Ruben Loftus-Çikin zədəsi daha ciddi ola bilər”.

Shares: