“Qarabağ” sabah Avropa Liqası qrup mərhələsinin ilk turunda Bakıda “Molde”ni qəbul edəcək.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərin suallarını cavablandırıb:

– Hamımıza məlumdur ki, cəbhə bölgəsində terrora qarşı mübarizə gedir. Şəhidlərimiz var, Allah rəhmət eləsin. Bəlkə də oyun barədə çox danışmağa ehtiyac yoxdur. Orada elə vəziyyət, biz oyundan danışırıq. Hər bir halda, matça hazırlaşmalıyıq. Çox ciddi rəqibə qarşı oynayırıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq.

– Yenə sentyabr, yenə belə durum. Sabahkı oyunda qalib gəlmək çətin olmayacaq?

– Bəlkə də oyunun Bakıda olması uyğun deyildi. Nəinki sabah, bütün oyunlarımızda şəhidlərimizi fikirləşmişik. Dəfələrlə demişəm ki, komandanın adı dəyərlidir. Çalışmışıq ki, adımızı qoruyub-saxlayaq. Sabah bəlkə futbolçulara hansısa psixoloji təsir ola bilər. İstər-istəməz belə olacaq. Belə hal olmuşdu, oyuna hazırlaşırdıq, bütün günü məlumatlar alırdıq. Nə qədər bacarırıq, cəbhədən xəbər alırıq. Sabah da belə olacaq. Bir saat əvvəl yaxşılığa doğru məlumat oldu. Amma rəsmi xəbəri gözləyirik. Çalışacağıq ki, işimizə məsuliyyətlə yanaşaq. Yaxşı nəticə üçün inanıram ki, futbolçular hər şeyi edəcək.

– Rəqibin zəif nöqtlərini tam olaraq analiz edə bilmisiz?

– Zəif nöqtələri demək düzgün olmaz. Ümumən rəqibi analiz etmişik. “Molde” son vaxtlar bəlkə də meydanda ən intizamlı oyun göstərən rəqiblərdən biridir. Öz sistemlərini istəklə və düzgün yerinə yetirən komandadır. Bu rəqib meydanda heç bir boşluq verməyi xoşlamır. Sadəcə, biz maksimum çalışmalıyıq ki, rəqibi səhvə məcbur edək. Onda yaxşı nəticə əldə edə bilərik. Bunun üçün də böyük güc sərf etmək lazımdır.

– Bəhlul Mustafazadənin durumu necədir?

– Sabah oyuna kimi bir məlumat verilməyəcək. Çünki hələ ağrıları var. Dünəndən bu günə fərq var. Həkimlərlə danışmışıq. Amma fakt olarq, bugünkü durumu bizi tam qane etmir. Sabah yenə baxacağıq. Məşqdə tam iştirak etdikdən sonra fikir bildirə bilərik.

– Üç il əvvəki və indiki “Molde” arasında hansı fərqlər var?

– Sistemləri fərqlidir. İndiki “Molde”nin futbolçuları daha inamlıdırlar. İlk oyundan sonra daha ətraflı məlumat verə biləcəm.

– Azarkeşlər düşünür ki, “Qarabağ” “Molde”dən qisas almaldıır. Siz nə fikirləşirsiz? – Qisas fikrilə yanaşsaq, oyunumuza mane ola bilər. Rəqibin kimliyindən asılı olmayaraq, biz bu şansdan istifadə etmək istəyirik. Məqsədimiz minimum Avropa Liqasının qrupuna düşmək idi. Bacardıq bunu. Qarşıdakı oyunlarda istəyirik ki, inamlı nəticə və oyun göstərək. Sadəcə, həmişə bu fikirlərdən narahat olmuşam, futbolçulara təsir edə bilər. Azarkeşlərə böyük hörmətlə yanaşmışıq, güvənmişik. Onlar bizdən həmişə uğur tələb edib. Bu da bizə əlavə motivasiya verib. Biz bütün oyunlarda, bütün rəqiblərə qarşı istəkli olsaq da, soyuqqanlı yanaşmalıyıq. İstəyərdik ki, qalib gələk. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik (sportal.az).

Shares: