Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe Bakıda “Qarabağ”a qarşı keçirdikləri Avropa Liqasının qrup mərhələsinin 1-ci tur oyunundan sonra fikirlərini bölüşüb.

Futbolino.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bilirdik ki, “Qarabağ” hücum futbolu oynayır və bizi öndə sıxacaq. Yaxşı təzyiq göstərməyi bacaran kollektivdir. Bunu da gördük. “Qarabağ” qələbəyə layiq idi. Hər zaman müdafiədən oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı düzgün saymıram. Evdə daha yaxşı oyun göstərəcəyimə inanıram.

Məğlub olmağı sevmirəm. Bu üzdən özümü yaxşı hiss etmirəm. Ancaq deməliyəm ki, yaxşı oynamadıq. Xüsusən də, müdafiədən çıxarkən ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansından məyusam. Ümid edirəm ki, növbəti görüşlərdə daha yaxşı olacağıq”.

Moe komandaların qrupdan çıxmaq şanslarına da toxunub: “Məncə, nəsə demək üçün hələ tezdir. Cəmi bir tur keçib. Bir neçə oyundan sonra konkret nəsə demək olar. Qrupun favoriti “Bayer”dir. Onlar Almaniyanın ən yaxşı ikinci klubudur. Digər üç komanda ikinci yer uğrunda mübarizə aparacaq”.

Rəqib çalışdırıcı “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsində məğlub olduqları Türkiyə klubu “Qalatasaray”la müqayisə edib: “Bugünkü oyunda rəqib bizə çox az zona verdi. “Qarabağ” “Qalatasaray”la müqayisədə komanda şəklində daha yaxşı futbol göstərir. Sonda Azərbaycanın ölkə olaraq bizi çox yaxşı qarşıladığını deməliyəm. Hazırda sizin üçün çətin dönəmin olduğunu bilirəm. Ümid edirəm ki, sonda hər şey sizin üçün yaxşı nəticələnər”.

Shares: