“Qarabağ” Avropa Liqasına qələbə ilə başlamağı bacardı. İlk dəfə bunu reallaşdıran ağdamlılar hazırda qrup liderliyinə şərikdir və növbəti mərhələyə adlamaq baxımından ümid verir. Komanda öz futbolunu oynaya, sabitliyini qoruya bilsə, ikinci yer üçün döyüşmək mümkün olacaq.
“Molde” sıradan komanda deyil. Bəli, nəhəng sayıla bilməz, amma təsnifat mərhələsində gördüyümüz rəqiblərlə eyni tutulmamalıdır. Təkcə “Qalatasaray”a qarşı sərgilədikləri futbol bu komandaya yüksək qiymət vermək üçün kifayət etməlidir.
Düzdür, həmin matçlardan sonra komanda 3 futbolçusunu itirib, lakin gedənlərin yerinə yaxşı transferlər edilib. Kəsəsi, rəqibin gücü azalmayıb. “Qarabağ” isə əla formada olan qonaqlara Respublika Stadionunda elə bir dərs verdi ki, böyük hesabla uduzmamalarına sevinməlidirlər. Oyuna diqtə edən, çoxlu epizod yaradan “Qarabağ” heyətdəki itkilərə rəğmən, “Molde”yə fərqlənmək şansı vermədən qələbəni təmin etdi.
Düzdü, son dəqiqələr çətin keçdi. “Qarabağ” futbolçularının yorğunluğu fonunda rəqibin etdiyi üçlü əvəzləmə ilə təşəbbüs əldən çıxdı. Amma Qurban Qurbanov təcrübəsi ilə qələbə hesabını qorumağı bacardı. Müdafiə xəttində vaxtında yerdəyişmə edildi, cinahlar sürətli oyunçuların hesabına gücləndirildi, rəqibin standartlardakı üstünlüyünə qarşı tədbir görüldü və qələbə reallaşdı.
“Qarabağ” bumövsümkü ən yaxşı oyunlarından birini keçirdi. Amma komandada problemlər də var. Hücum xəttində bitiricilik əsas çatışmazlıq olaraq qalır. Belə rəqiblərlə matçda stressiz oynamaq üçün meydandakı üstünlüyü hesaba daşımaq, fərqi artırmaq gərəkdr. “Qarabağ” bunu edə bilmədiyindən son dəqiqələr bizim üçün bir qədər narahat keçdi.
Əsas olan Qrabağdakı məlum olaylardan sonra qələbənin qazanılması idi. Komanda ümumi axarı əla tamamladı, sevincə sevinc qatdı. İsveçdə bunun davamını gətirmək, daha sonra “Bayer”lə ardıcıl duellərə köklənmək lazımdır. Qrupdan çıxmaq istəyiriksə, “Hakken”lə matçda ən azı məğlubiyyətdən qaçmalı, hətta qrupun ən zəif komandasını səfərdə məğlub etməliyik. “Qarabağ”da bu potensial var.
Hetədən bu qədər futbolçunun getməsinə, zədəlilərin çoxluğuna rəğmən, “Qarabağ” hələ də yüksək səviyyədə oynaya bilir. Ehtiyat qüvvə qaydasında olduqdan sonra komanda daha yaxşı təsir bağışlayacaq. Təəssüf ki, qışadək hücuma əlavə futbolçu almaq mümkün olmayacaq. Juninyonun tam formaya düşməsinə ümid etməkdən başqa çarə yoxdur. Andrey Lunyovun qapıda inamlı oyunu, Romaonun yarımmüdafiənin liderinə çevrilməsi, Leandro Andradenin həlledici qolların müəllifinə çevrilməsi, Benzianın Zubirlə anlaşmasının yaxşılaması müsbət amillərdir. Bununla belə, faktiki xeyli yenilənən heyət oyun səviyyəsini hələ pik həddə çatdırmayıb. Ümid edək ki, qrup oyunlarının gedişində bütün bunları görəcəyik. Komanda oyunu bir az da inkişaf etsə, “Qarabağ”ın mərhələ adlaması daha rahat olacaq.
FƏRİD