Monqolustan milli komandası BOK və WADA tərəfindən sanksiyalara məruz qala bilər.

Monqolustan mətbuatının yazdığına görə, Asiya millisi antidopinq agentliyi ilə problemlərini həll etməsə, Parisə neytral statusda gedəcək. Çox güman ki, gələn il Parisdəki Olimpiadada Rusiya və Belarusdan başqa  Hindistan, Qvatemala və Monqolustan da neytral statusda iştirak edəcək.

Bəs, monqolların günahı nədir?

Monqolustan da beynəlxalq yarışlarda iştirak etmək istəyən ölkələr kimi İdmanda Dopinqlə Mübarizə üzrə Beynəlxalq Konvensiyanı və WADA Məcəlləsini imzalayıb. Bizim AMADA-mız kimi, Monqolustanın da MONADA-sı var. Lakin çərşənbə axşamı, hökumət rəsmisi Daşzeqviin Amarbayasqalan təşkilatın öz funksiyalarını yerinə yetirə bilmədiyini və “kəskin problemlərlə” üzləşdiyini ifadə edib. Bu isə Monqolustanın Olimpiadada neytral statusda çıxış etməsi riski deməkdir.

“Bunların qarşısını almaq üçün təcili olaraq mənim rəhbərlik edəcəyim işçi qrup yaradılır”, – deyən Amarbayasqalan, konkret olaraq nəyin həll edilməli olduğunu açıqlamayıb.

Məlum olduğu kimi, MONADA dövlətdən tam azad fəaliyyət göstərməlidir. Əks halda isə mütləq diskvalifikasiya olunmalıdır. WADA da MONADA-nı birbaşa idarə etmək hüququna malik deyil. Çox güman ki, ölkənin agentliyi öz öhdəliklərini tam yerinə yetirə bilmir. Bunun isə səbəbi vəsait və ya kadr çatışmazlığıdır. Monqolustanda dopinq problemi çox aşağıdır. WADA-nın qeydə aldığı son statistikaya görə, Monqolustan yalnız sambo və ağır atletika üzrə iki insidentlə siyahıda sonuncu yerdə qərarlaşıb.

Monqolustandan başqa Qvatemala, Əfqanıstan və Hindistanda da problemlər var. KXDR isə bu yaxınlarda diskvalifikasiya edilib. Məsələ heç də siyasi rejim olmayıb.

Qvatemalada Olimpiya Komitəsində hakimiyyət bölgüsü baş verib. Artıq bir ildir ki, onlar prezident seçə bilmirlər. İşə Ali Məhkəmədə baxılır. Kanada əsilli qvatemalalı atletlərdən biri Ester Mortimer Parisdə keçiriləcək oyunlarda iştirak etmək üçün vətəndaşlığını da dəyişib. Ola bilsin ki, idmançılar olimpiadaya buraxılsınlar. Ancaq bu da neytral bayraq altında olacaq.

Hindistanda vəziyyət fərqlidir. Ölkənin idmanla bağlı qanunvericiliyində dəyişiklik edilib ki, bu da bir sıra federasiyalarda çaşqınlıq yaradıb. Bundan başqa yerli güləş federasiyasının prezidentinə qarşı cinsi zorakılıq ittihamları var. Amma hindlilər problemlərini həll edirlər və yəqin ki, Parisdə öz bayraqları altında çıxış edəcəklər.

Əfqanıstanda Talibanın hakimiyyətdə olduğu müddətdə qadınların idman və təhsildəki hüquqları təhdid altındadır. Ölkə rəsmi olaraq oyunlardan kənarlaşdırılmayıb, lakin BOK vəziyyəti diqqətlə izləyir.

2023-cü il iyunun 21-də İcraiyyə Komitəsinin iclasında müsbət irəliləyişlər müzakirə edilib – qızların aşağı siniflərdə bədən tərbiyəsi dərsi keçməsinə icazə verilib. Ancaq gənc qızların idmanla məşğul olmasına ciddi məhdudiyyətlər var. Hançjouda başlayacaq Asiya oyunlarında ölkə 2021-ci ildə hakimiyyət dəyişikliyindən əvvəl istifadə edilən köhnə bayraq altında mübarizə aparacaq.

Shares: