“Çox yaxşı oyun oldu. Bizim üçün bəxtsiz, rəqib üçün yaxşı gün idi”. Bunu futbolinfo.az-a açıqlamasında ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a məğlub olan “Molde”nin kapitanı Martin Linnes deyib.

Təcrübəli oyunçu 0:1 hesablı məğlubiyyətdən söz açıb: “Fikrimcə, rəqibin üstünlüyü aşkar idi. Qələbəni haqq edirdilər, layiqli şəkildə 3 xalı qazandılar. “Qarabağ” çox yaxşı komandadır, aqressiv futbol oynayır. Üstəlik, heyətində texniki və fiziki olaraq yaxşı oyunçular var. Onlar bu gün bizdən yaxşı idilər, bunu qəbul etmək lazımdır. Xeyli sayda qol epizodları yaratdılar. Yenə deyirəm ki, rəqib layiqli qələbə qazandı”.

Norveçli futbolçu qrupdakı şansları dəyərləndirib: “Bayer” aşkar favoritdir. Qalan 3 komanda 2-ci pillə üçün mübarizə aparacaq. İndiki halda götürsək, “Qarabağ” üstünlüyə malikdir və güclüdür. Amma onların bizə qarşı Norveçdə çətin oyunu var”.

Linnes stadiondakı atmosferdən söz açıb: “Atmosfer yaxşı idi, amma mənim üçün problem deyil. Çünki mən 5 il “Qalatasaray”da oynamışam. Norveçdə ola bilər ki, belə ab-hava yoxdur. Azarkeşlər yaxşı iş gördülər, lakin peşəkar futbolçular rəqib azarkeşlərin təzyiqindən çəkinmir”.

Shares: