Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün Höteborq şəhərində keçiriləcək “Hakken” – “Qarabağ” matçından öncə keçirilən mətbuat konfransında Qurban Qurbanovun açıqlamalarını yerli jurnalistlər üçün tərcümə edən Valeh Qafarov diqqətimizi çəkdi. O, 90-cı illərin ortalarında Azərbaycanda futbol oynayıb.

Qafarov “Neftçi”də, MOİK-də çıxış edib. Daha sonra isveçli qızla tanış olan futbolçu bu ölkəyə köçərək həyatını qurub. Artıq 20 ilə yaxında Höteborq şəhərində yaşayır və məşqçilik edir.

Futbolinfo.az saytına müsahibəsində o, Skandinaviya ölkəsinə gəlişindən, buradakı həyatından danışdı.

– “Neftçi”də, MOİK-də, “Fərid” klublarında oynadım. Daha sonra Azərbaycanda futbol çempionatı dayandı. 2002-2003-cü illərdə liqa keçirilmirdi. Ondan sonra mən bura köçdüm.

– İlk gəlişinizdə nə ilə məşğul olurdunuz?

– Burada bir az futbol oynadım. Daha sonra isə zədələndim. Məcbur qalıb karyeramı başa vurdum və məşqçilik təhsli almağa başladım. Artıq B kateqoriyam var.

– Hazırda harda çalışırsız?

– “Örebro” komandasının 14 yaşlılardan ibarət qadın komandasında çalışıram.

11438859 0242 48c7 a815 485ee0e75fdf - Futbolinfo.az

– Qadın futbolu İsveçdə məşhurdur…

– Burada qadın komandaları ilə kişi komandaları arasında fərq yoxdur. Demək olar ki, Avropada qadın futboluna diqqət ayrılan 2-3 ölkə varsa, onlardan biri də İsveçdir. Əvvəllər “Örebro”nun əsas komandasında işləyirdim. Sonra aşağı yaş qruplarında işləməyə başladım.

– Azərbaycan qadın futbolunu izləyirsiz?

– Çempionata baxmaq olmur. Çünki yayım yoxdur. Amma millini izləyirəm.

– Təklif olsa, ölkəmizə qayıdıb işləyərsiz?

– Əgər yaxşı təklif olsa, gələrəm, təcrübəmlə kömək etməyə çalışaram. Amma hazırki vəziyyətdə belə bir təklif yoxdur.

– Azərbaycan qadın futbolunda kimləsə münasibətiniz var?

– Həbib adlı bir məşqçi var (U-19 komandasının baş məşqçisi Həbib Ağayevi nəzərdə tutur – müəl.). Ona hörmətim var.

– Qurban Qurbanov sizi görəndə tanıdı?

– Dünən “Qarabağ”ın məskunlaşdığı otelə getdim. Çünki Qurban müəllimin köməkçisi Elçin Rəhmanovla əla münasibətim var. Onunla bir yerdə oynamışıq. Qurban müəllim də məni gördü, tanıdı, danışdıq, söhbət elədik.

– Qurban Qurbanovun oğlu Musa Qurbanov da İsveçdə çıxış edir…

– Onunla görüşmüşük, danışmışıq. Nə kömək lazım olsa, hər zaman hazıram.

– Musa burada uğurlu ola biləcək?

– Əlbəttə, olacaq. Musanı görəndə düşünürdüm ki, o uğurlu olacaq. Çünki fiziki olaraq bu ölkənin futboluna uyğundur. Həm də “vuran ayağı” var.

– Anatoli Ponomaryovla münasibətiniz yaxşıdır?

valeh qafar1690890416 - Futbolinfo.az

– Əlbəttə, onunla danışırıq. Münasibətimiz əladır. Atası İqor Ponomaryova da münasibətim yaxşıdır. Onlara böyük hörmətim var.

– “Qarabağ” “Hakken”lə sabah oynayacaq. Niyə şəhərdə oyuna maraq azdır?

– Çünki “Hakken” başqa kiçik şəhəri təmsil edir. Amma ümumilikdə isveçlilər futbolu çox sevir.

– Matçdan nə gözləyirsiz?

– Çox istəyirəm ki, “Qarabağ” qələbə qazansın. Ümid edrəm ki, udarlar. Amma “Hakken”ə də xal lazımdır. Ağır oyun olacaq.

– Azərbaycan çempionatını izləyirsiz?

– Bəli, baxıram. Bu il daha maraqlıdır. 10 komanda var, gərgin oyunlar olur.

– Sabiq komandan “Neftçi”nin durumu barədə nə düşünürsən?

– Bir neçə il uğursuz oldular. Amma bu il yaxşı heyət yığıblar. Ümid edirəm ki, uğur qazana biləcəklər.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp