“Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev keçmiş komandasından danışıb. O, futbolinfo.az saytına açıqlamasında Masazır təmsilçisinin özünə gələcəyindən əminliyini ifadə edib.

Quliyev “Sabah”ın autsayder olmasının heç nəyi dəyişmədiyini düşünür: “Sabah” yay fasiləsində üç aparıcı futbolçusu ilə yollarını ayırdı. İbrahima Ba müdafiənin, Aleksey Kaşuk və Coy-Lens Mikels isə hücum xəttinin liderləri idi. Bu itkilər istər-istəməz təsir edəcəkdi. Yeni gələnlərin isə zamana ehtiyacları var. Dediniz ki, “Sabah” autsayderlərdəndir zonasındadır. Məncə, bu, müvəqqətidir. “Sabah” 1-2 qələbə ilə toparlanacaq. Bu, kollektivdə özünəinamı qaytaracaq”.

Ramin bəy növbəti turda baş tutacaq “Neftçi” – “Qarabağ” oyunundan da danışıb:  “Qarabağ”ın bu gün iştirak etdiyi bütün matçlar rəqiblər üçün “böyük oyun”dur. Amma Ağdam klubu üçün sıradan bir görüş olacaq. “Neftçi” “Qarabağ”a qalib gəlsə, çempionatda yeni eranın başlanğıcı olacaq. Ötən turda” “Turan Tovuz” üzərində səfər qələbəsi onlara əlavə stimul verəcək. “Qarabağ”la oyun isə “Neftçi” üçün imtahandır. Paytaxt klubunun durumuna “Qarabağ”la qarşılaşmada aydınlıq gələcək. Real yanaşsaq, “Qarabağ”ın üstünlüyü daha çoxdur. Onlarla matça hazırlaşmaq üçün əlavə motivasiyaya ehtiyac olmur. “Qarabağ”ın adı artıq rəqiblərinə motivasiyadır. Futbolda hər şey mümkündür”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp