Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, yığma 3-cü turda yer aldığı A qrupunun favoriti Qazaxıstanla qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan görüşün birinci hissəsi Vitali Borisovun yetirmələrinin üstünlüyü ilə yekunlaşıb. Hadi Ahmadinin 12-ci dəqiqədə vurduğu qol sayəsində millimiz fasiləyə 1:0 hesabı ilə öndə yollanıb. Qonaqlar ikinci hissənin əvvəllərində bərabərlik topunu vurublar. Bundan ruhlanan rəqib daha 3 qol vurmağa nail olub. Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə yığmamızın heyətində Maneka qoyub. Beləliklə, millimiz doğma meydanında rəqibinə 2:4 hesabı ilə məğlub olub.
Qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.