II Liqada çıxış edən “Cəbrayıl” komandasının baş məşqçisi Cavid Hüseynovun futbolinfo.az saytına müsahibəsi

– Bu mövsümdən II Liqa yaradılıb. Bu çempionatın varlığı Azərbaycan futboluna nə qazandırdı?

– Liqanın yaradılması ilə bağlı fikirlərim müsbətdir. Azərbaycan futboluna bunun ancaq xeyri dəyəcək. İnanıram ki, II Liqa da futbolumuzun inkişafına kömək olacaq. Təbii ki, bəzi çətinliklərin olması normaldır.

– Nə kimi çətinliklər var?

– Əsas problem stadiondur. Təəssüf ki, stadionlarımızın sayının az olması hər kəsi çətin duruma salır. Bu da ümumi problemdir.

– Mövsümün əvvəlində II Liqada həvəskar yanaşma olacağı gözlənilirdi. Komandalar indi hansı durumdadırlar?

– Etiraf edək ki, indi hətta Premyer Liqa klubları sponsor tapmaqda çətinlik çəkirlər. Bunu nəzərə alsaq, II Liqada vəziyyət elə də pis deyil. Komandaların çoxu heç də zəif təsir bağışlamırlar. Bəlkə bəzi rayon komandalarında maddi sıxıntı ola bilər.

– “Cəbrayıl”ın maliyyə ilə bağlı tələbatını necə qarşılayırsınız?

– Cəbrayıllı bir iş adamı bizə dəstək verir. Sağ olsun, onun sayəsində maddi cəhətdən problem yaşamırıq. Hələlik hər şey qaydasındadır.

– Ümumiyyətlə, təsisçisi olduğunuz “Cəbrayıl”ı gələcəkdə necə görürsünüz?

– Bu komanda ilə bağlı ən böyük arzum doğma Cəbrayılda çıxış etməyimizdir. Hələ klubu yaradanda orada stadionun tikilməsini xəyal edirdim. Ancaq ora köçənə qədər müəyyən yol qət etməliyik. Həmin vaxta qədər I Liqaya yüksəlməyə çalışacağıq. Cəbrayıla da hazır komanda kimi getmək istəyirik.

– Şəxsi mənada məşqçi karyeranızı necə planlaşdırırsınız? A kateqoriyasını nə vaxt almağı düşünürsünüz?

– Artıq oktyabrın 23-də A kateqoriyalı məşqçi kursu başlayacaq. Gələcək karyera baxımından bu kateqoriyanı almağım vacibdir. Bildiyiniz kimi, mənim indiki kateqoriyam Premyer Liqada baş məşqçi kimi çalışmağıma imkan vermir.

– Bir ara “Qarabağ”ın U-19 komandasına təyin olunduğunuzla bağlı məlumatlar yayılmışdı. Həmin vaxt nə baş vermişdi?

– Həqiqətən də “Qarabağ”ın U-19-unda işləməyə razılaşmışdım. A kateqoriyasını oxumaq üçün də hansısa komandada işləməli idim. “Qarabağ”a təyinatım olmuşdu. Ancaq sonradan “Cəbrayıl”a maddi dəstək olmaq istəyən bir insan bu komandaya dönməyimi istədi. Mən də doğma komandada çalışmağa başladım.

– II Liqada bir neçə veteran futbolçu çıxış edir. 35 yaş isə bu liqada oynamaq üçün ciddi əngəl sayılmamalıdır. Komandaya futbolçu kimi də fayda verməyi düşünmürsünüz?

– Xeyr, bu barədə fikirləşmirəm. Bundan sonra futbol oynamaq istəmirəm. Fikrimi baş məşqçiliyə cəmləmişəm.

– VI turda “Qusar”a məğlub olaraq liderliyi əldən verdiniz. Hazırda 15 xalla 3-cü pillədə qərarlaşmısınız. Bu mövsümlə bağlı hədəfiniz nədir?

– Hələ cəmi 7 tur geridə qalıb, qarşıda uzun marafon var. Məğlubiyyət də futbolun bir parçasıdır. Əsas odur ki, belə matçlardan dərs ala bilək. Əlbəttə ki, birinci yeri tutmaq istərdik. Amma ilk məqsədimiz yaxşı komanda formalaşdırmaqdır.

– Premyer Liqanı II Liqaya dəyişmək geriyə atılmış addım deyil?

– Əslində, anidən Premyer Liqaya doğru addım atmışdım. Bu potensialı özümdə görürəm. Ancaq məşqçi üçün kateqoriya çox önəmlidir. “Şamaxı”da baş məşqçi olsam da, sənəd üzərində deyildim. Ona görə də düşündüm ki, mütləq kateqoriya almalıyam. Bu kateqoriyanı oxumaq üçün də Premyer Liqa komandasında deyil, II Liqada, I Liqada, əvəzedicilərdə və ya aşağı yaş qruplarında çalışmalısan. Bu baxımdan uğurlu addım atdığımı fikirləşirəm.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp