Azərbaycan yığmasının sabiq qapıçısı Fərhad Vəliyevin futbolinfo.az saytına müsahibəsi

– Millimiz Avro-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da İsveçi qəbul edəcək. Bu görüşdə komandamızdan hansı nəticəni gözləyirsiniz? Yığmamızın İsveçi qabaqlayaraq qrupda 3-cü yeri tutmaq şansı nə qədərdir?

– Milli seçmə mərhələdəki son oyunlarda qənaətbəxş çıxış edib, yaxşı oyunlar göstərib. Bunu nəzərə alaraq deyərdim ki, yığmamız evdə İsveçi məğlub edə bilər. Hazırda onları bizdən 3 xal ayırır. Millimiz doğma divarlar arasında qələbə qazanmaqla İsveçlə xalları bərabərləşdirə bilər. Əlbəttə ki, 3-cü yeri tutmaq uğrunda mübarizə aparmaq mümkündür. Bu şansdan istifadə etmək lazımdır.

– İsveçlə oyundan 3 gün sonra yığmamız Belçikanın qonağı olacaq. Bakıda bu komandaya minimal hesabla uduzmuşduq. Belçika ilə səfər matçında hansı nəticəyə ümid edirsiniz?

– İsveçi evdə məğlub edə bilsək, Belçika ilə matça da yüksək motivasiyada yollanmaq olar. Futbolda hər şey mümkündür. Düzdür, komandamız üçün çətin səfər matçı olacaq. Buna baxmayaraq, Belçikada da yaxşı oyun nümayiş etdirərək xal qazanmağımız mümkündür. Bildiyiniz kimi, rəqib Avropa çempionatının final mərhələsinə vəsiqəni artıq təmin edib. Odur ki, evə yaxşı nəticə ilə dönmək olar.

– Yığmamızın bu seçmə mərhələdəki ümumi çıxışını necə qiymətləndirirsiniz? Sizcə, daha artıq xal toplamaq mümkün idi?

– Ümumi oyunlara nəzər salsaq, millimiz pis oyunlar göstərmir. Xüsusən də, evdə keçirdiyimiz matçlarda yaxşı təsir bağışlamışıq. Seçmə mərhələ başlayanda ilk 2 oyunu səfərdə keçirdik və həmin matçlarda yığmamız çox zəif çıxış etdi. Amma son oyunlar onu göstərir ki, bu komandalarla səfərdə də oynamaq, onlardan xal almaq olardı. Sırf başlanğıcdakı zəif çıxışımız bizi bu duruma, 4-cü pilləyə saldı.

– Əksəriyyət hazırkı heyəti millinin son illərdəki ən güclü heyəti sayır. Bununla razısınızmı?

– Milli komandanın güclü heyətləri əvvəlki dövrlərdə də olub. Bu dövrü də onlardan saymaq olar. Bir neçə dövr olub ki, heyətimiz, doğrudan da, güclü futbolçulardan qurulub. İndi də yığmada yaxşı heyət yığışıb.

– Əksər futbol mütəxəssisləri baş məşqçi Canni de Byazi ilə yolların ayrılmalı olduğunu və onun yerinə yerli məşqçi təyin edilməsini düzgün hesab edir. Siz bu barədə nə düşünürsünüz? De Byazinin millimizdəki fəaliyyətini necə dəyərləndirirsiniz?

– De Byazinin yığmamızda enişli-yoxuşlu günləri olub. Onun rəhbərliyi altında elə oyunlar olub ki, millimiz zəif çıxış edib, evdə dişimizə uyğun rəqiblə qarşılaşdığımız halda, meydana çoxlu müdafiəyəmeylli futbolçu buraxıb. De Byazinin belə səhvlərini də görmüşük. Ümumi götürəndə yığmamızdakı fəaliyyətini normal qiymətləndirirəm. Komandanı nə zəif, nə də tam güclü hazırlaşdırıb. Mən də düşünürəm ki, milli komandanın baş məşqçisi yerli mütəxəssis olmalıdır. Çünki mentalitet söhbəti var, yerli məşqçi futbolçuları daha yaxşı başa düşür. Həm də de Byazinin bir açıqlaması yadıma gəlir. Demişdi ki, klublardan çox, milli komandada problemlər çoxdur, bunu siz bilmirsiniz. Mən həmin açıqlamasına inanmamışdım. Çünki AFFA rəhbərliyi de Byaziyə komandaya yaxşı məşq keçməsi, toplanışlar üçün hər cür şərait yaradıb. Əllərindən gələni ediblər ki, hər şey yüksək səviyyədə olsun. De Byazinin yediyi önündə olub, yemədiyi arxasında. Amma açıqlamasında deyir ki, mənim çoxlu problemlərim var. Bu, düzgün açıqlama deyildi.

– Vaxtilə yığmanın əsas qapıçısı olmusunuz. Hazırkı milliyə dəvət alan qolkiperlərlə bağlı hansı fikirdəsiniz? Yığmanın “1 nömrə”si Şahrudin Məhəmmədəliyevin “Adana Dəmirspor”da ehtiyatda qalması millimizə ziyan deyilmi?

– Əlbəttə, Şahrudinin ehtiyatda qalması bir az sıxıntıdır. Milliyə çağırılan digər qapıçılarımız isə öz çempionatımızda çıxış edirlər. Yusif İmanov əksər matçlarda oynasa da, onun da ehtiyatda qaldığı görüşlər olur. Elə Premyer Liqanın son turunda meydana çıxmadı. Rəşad Əzizliyə gəlincə, o, “Qəbələ”də mütəmadi çıxış edir. Komandası sonuncu yerdə getsə də, ümumilikdə stabil oyun göstərir. Buna görə də öz oyunu ilə milliyə dəvəti haqq edir. Düşünürəm ki, Səlahət Ağayevi də bu toplanışa dəvət etmək olardı. O da “Səbail”də stabil çıxışı ilə yadda qalır. Şahrudinin bu qapıçılardan üstün olduğunu düşünürəm. Klubunda ehtiyatda qalsa da, millinin əsas qolkiperidir. Yığmada keçirdiyi oyunlarda komandamıza çox köməyi dəyib.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp