Formula 1 üzrə 74-cü dünya çempionatına yekun vurulub. Mövsümün son yarışı ənənəvi olaraq BƏƏ-də baş tutub.
Təsnifat mərhələsində ən yaxşı nəticə göstərən Maks Ferstappen startda liderliyini qorumağı bacarıb. Arxasınca start verən Şarl Lekler ilk pit-stopa qədər fərqin açılmasına imkan verməyib. Daha erkən təkər dəyişməyə getməklə sürücülər üstünlük qazanıblar. Lakin üst sıralarda yalnız Corc Rassel irəliləyə bilib. Lando Norrisin pit-stopu zamanı baş verən səhv onun yer itirməsinə səbəb olub.
Ağ təkərlərlə daha yaxşı təsir bağışlayn Ferstappen tədricən fərqi artırıb. Onun komanda yoldaşı Serxio Peres də kifayət qədər güclü yarış keçirib. 9-cu yerdən başlayan meksikalı sürücü 2-ci yerə qədər irəliləyib. Lakin stüardlar Lando Norrisi ötən zaman onun hərəkətini qaydalardan kənar qiymətləndirərək 5 saniyəlik cərimələyiblər. Buna görə də o, protokolda 4-cü olub.
Komandaların çempionatında ikinci yer uğrunda mübarizə son dövrəyə qədər davam edib. “Mersedes” komandası “Ferrari”ni 3 xal qabaqlayaraq ikinci yeri tutub. “Maklaren” çempionatı 4-cü yerdə başa vurub.