Bir müddətdir özünü Azərbaycan millisinə sırımağa çalışan rusiyalı Stanislav Çerçesovun ölkəsində fəaliyyət göstərmək variantı ortaya çıxıb.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqanın autsayderi “Soçi” 60 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.
Mövsümə Dmitri Xoxlovla başlayan “Soçi” ilk 8 turda cəmi 6 xal topladığı üçün onunla yolları ayırdı. Ardından həmin posta keçən Aleksandr Toçilinin nəticələri daha biabırçı oldu – 9 oyunda 4 xal.
Dünən Toçilini istefaya göndərən rəhbərlik yeni baş məşqçi axtarışındadır. Soçililər elitanı tərk etmək riski olan komandanı bu durumdan Çerçesovun çıxaracağına ümid edirlər. Rəhbərlik artıq onunla ilkin təmasa keçib.
Rusiyalıların fikrincə, “Ferensvaroş”dan ayrılan Çerçesov hazırda nə Avropada, nə də Rusiyada iddialı klublara lazımdır. Hətta Qazaxıstan, Azərbaycan kimi ölkələrin komandaları üçün də prioritet sayılmır. Bu üzdən mütəxəssisin “Soçi” ilə anlaşması daha real görünür. Qeyd edək ki, “Soçi” hazırda 10 xalla Rusiya Premyer Liqasında sonuncu pillədədir.